Azərbaycan ədəbiyyatının inkişaf tarixi ilə bağlı yeni dövrləşmə təklif edilib

Azərbaycan ədəbiyyatının inkişaf tarixi ilə bağlı yeni dövrləşmə təklif edilib
# 23 sentyabr 2015 13:13 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev - APA. “Hazırda Azərbaycan ədəbiyyatı tarixinin dövrləşdirilməsi üçün nəzərə alınmasını zəruri hesab etdiyimiz prinsiplər Azərbaycançılıq məfkurəsi, ədəbi tarixi proseslərin reallıqları, sivilizasiya amili və Azərbaycanda ədəbi cərəyanlardır”.

APA-nın xəbərinə görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, akademik İsa Həbibbəyli AMEA-nın Rəyasət Heyətinin iclasında “Azərbaycan ədəbiyyatı tarixinin dövrləşdirilməsi konsepsiyası” adlı elmi məruzəsində çıxışı zamanı deyib.

O, çıxışında Azərbaycan ədəbiyyatının inkişaf tarixinə aid təklif olunan yeni dövrləşməni təqdim edib: “Biz Azərbaycan ədəbiyyatının dövrləşməsini Qədim dövr Azərbaycan ədəbiyyatı, Erkən intibah dövrü Azərbaycan ədəbiyyatı, İntibah dövrü Azərbaycan ədəbiyyatı, Orta əsrlər Azərbaycan ədəbiyyatı, Azərbaycan ədəbiyyatının maarifçi realizm dövrü, Milli-demokratik hərəkat dövrü, Azərbaycan ədəbiyyatında sosialist-realizm mərhələsi, Erkən ən yeni dövr və keçid dövrü Azərbaycan ədəbiyyatı və nəhayət Azərbaycan ədəbiyyatının müstəqillik dövrü kimi təklif etmişik”.

İ. Həbibbəyli əlavə edib ki, Sovet vaxtı əsasən ədəbiyyatı dövrləşdirən cəmiyyətin inkişaf mərhələlərinə dair marksist baxış, sinfilik, xəlqilik və proletar beynəlmiləlçilik prinsipləri olub: “Azərbaycan artıq müstəqil dövlətdir. Sinfiliyi indi Azərbaycançılıq, xəlqiliyi millilik əvəz etməlidir.

Onu da qeyd edim ki, Sovet vaxtı Azərbaycan ədəbiyyatı əsasən Qədim dövr Azərbaycan ədəbiyyatı, Orta əsrlər Azərbaycan ədəbiyyatı, XIX əsr Azərbaycan ədəbiyyatı, XX əsrin əvvəllərində Azərbaycan ədəbiyyatı və Azərbaycan Sovet ədəbiyyatı mərhələlərinə bölünmüşdü”.

Qeyd edək ki, Cənubi Azərbaycan ədəbiyyatı tarixi dövrləşmə siyahısına daxil edilməyib. İ. Həbibbəyli Cənubi Azərbaycan ədəbiyyatı tarixinin dövrləşmə konsepsiyasına əlavə ediləcəyini də deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR