Baş nazirin müavini: “Təəssüf ki, indiyədək dünyada Xocalı faciəsinə lazımi hüquqi və siyasi qiymət verilməyib”

Baş nazirin müavini: “Təəssüf ki, indiyədək dünyada Xocalı faciəsinə lazımi hüquqi və siyasi qiymət verilməyib”
# 25 fevral 2016 10:14 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. Binəqədi rayon Yeni Azərbaycan Partiyası (YAP) qərargahında Xocalı soyqırımı ilə bağlı partiyanın gənclər təşkilatı ilə birgə tədbir keçirilib.

APA-nın məlumatına görə, tədbirdə YAP sədr müavini-icra katibi, baş nazirin müavini Əli Əhmədov, deputatlar Siyavuş Novruzov, Şəmsəddin Hacıyev, Eldar İbrahimov, Binəqədi rayon icra başçısı Xaləddin İsgəndərov və partiyanın gənclər təşkilatının nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən Ə. Əhmədov təəssüflə qeyd edib ki, dünyada indiyədək Xocalı faciəsinə lazımi hüquqi və siyasi qiymət verilməyib. O bildirib ki, Azərbaycan xalqı Xocalıda qətlə yetirilmiş vətəndaşlarımızın xatirəsini həmişə uca tutub: “Azərbaycanın müxtəlif qurumları, vətəndaşlarımız, gənclərimiz Xocalı faciəsi həqiqətlərini dünyaya yaymaq istiqamətində böyük işlər görürlər və güman edirəm ki, görülən işlər öz töhfələrini verir. Xüsusi olaraq Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət” kampaniyası çərçivəsində görülən işləri qeyd etmək istəyirəm. Bu kampaniya sayəsində Xocalı faciəsinin dünyada tanıdılması istiqamətində ciddi addımlar atılıb. Xocalı Azərbaycanın tarixində ən qanlı faciələrdən biridir. Təkcə Azərbaycan tarixində deyil, dünyada XX əsrin son onilliyində baş vermiş ən tükürpədici, qanlı faciələrdən biridir. Bizim üzərimizə düşən başlıca vəzifə ondan ibarət olmalıdır ki, bu faciəyə bütün dünyada ən layiqli hüquqi və siyasi qiymətin verilməsinə nail ola bilək, faciəni törədənlərin hüquq və qanun qarşısında cavab verməsini təmin edə bilək”.

Tədbirdə çıxış edən digər iştirakçılar soyqırımı dəhşətlərindən və onun beynəlxalq aləmdə qiymətləndirilməsi yollarından danışıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR