MTN generalının mənzilində usta işləmiş iki qardaş həbs edilib

MTN generalının mənzilində usta işləmiş iki qardaş həbs edilib
# 15 mart 2016 08:24 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Monitorinq Mərkəzinin sabiq rəisi, general-mayor Teymur Quliyevin mənzilində usta kimi çalışmış Ramil Aslanov və qardaşı Vasif Aslanov həbs ediliblər.

Bu barədə APA-ya təqsirləndirilən şəxslərin vəkilləri Adəm Məmmədov məlumat verib.

Vəkilin sözlərinə görə, həmin şəxslərin Cinayət Məcəlləsinin 145.2.4 (Qanunsuz azadlıqdan məhrum etmə - bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə və 221.2.1-ci (Xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər bir qrup şəxs tərəfindən və ya təkrar törədildikdə) maddələri ilə təqsirləndirilirlər.

Hər iki şəxsin barəsində məhkəmə tərəfindən 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Həmin müddət Nərimanov Rayon Prokurorluğunun müstəntiqi Ceyhun Mirzəyevin vəsatəti və bununla bağlı Nərimanov rayon prokuroru Vüqar Əliyev tərəfindən verilmiş təqdimata və torlanmış ilkin sübutlara qapalı məhkəmə iclasında baxılaraq məhkəmə bundan öncə seçilmiş 3 (üç) ay həbs qətimkan tədbirinin müddətini 2 ay olmaqla 5 ayadək uzadılması barədə qərar qəbul edib.

A. Məmmədov bildirib ki, hüquqlarını müdafiə etdiyi şəxslər Azərbaycanda bir çox yüksək vəzifəli şəxslərin və Qazaxıstan prezidentinin rezidensiyasını, Dağıstan Respublikasının ədliyyə nazirinin və baş prokurorunun mənzillərini təmir ediblər: “Belə olan halda, təqsirləndirilən şəxslər haradan bilməli idilər ki, Milli Təhlükəsizlik Nazirliyinin Monitorinq Mərkəzinin sabiq rəisi Teymur Quliyev hansısa cinayətdə ittiham olunacaq. Sonuncunun mənzilini təmir etmək və usta kimi xidmət göstərmək cinayət hesab oluna bilməz".

A. Məmmədov müdafiə etdiyi şəxslərlə bağlı Bakı şəhər prokuroru Əziz Seyidova müraciət etdiyini bildirib: “Xahiş etmişəm ki, ibtidai istintaq yenilənsin”.

Qeyd edək ki, Ləğv olunmuş MTN-in Monitorinq Mərkəzinin sabiq rəisi, general-mayor Teymur Quliyev "MTN işi" ilə əlaqədar həbs olunub. O, Cinayət Məcəlləsinin 308.2, 309.1 və 302.2-ci maddələri ilə təqsirli bilinir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR