182 azərbaycanlı tələbə Macarıstanın ali məktəblərində təhsil alacaq

182 azərbaycanlı tələbə Macarıstanın ali məktəblərində təhsil alacaq
# 08 avqust 2016 12:39 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Macarıstan ali məktəblərində 2016-2017-ci tədris ili üzrə təhsil almaq üçün azərbaycanlı tələbələrin seçimi yekunlaşıb.

Təhsil Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, “Azərbaycan Respublikası Təhsil Nazirliyi və Macarıstan İnsan Resursları Nazirliyi arasında 2015-2017-ci illər üzrə İş Proqramı” çərçivəsində təşkil olunmuş seçimləri Azərbaycan Təhsil Nazirliyi Macarıstan tərəfi ilə birgə aparıb.

Macarıstan təqaüd heyəti və ali təhsil müəssisələri tərəfindən namizədlərin sənədləri təhlil olunduqdan sonra yekun qərar verilib. Seçimlərin nəticələrinə əsasən, 182 nəfər Macarıstan ali təhsil müəssisələrində təhsil almaq hüququ qazanıb.

Məlumatda qeyd olunub ki, tələbələrin böyük əksəriyyəti Macarıstanın “Debrecen University”, “Budapest Business School”, “Corvinus University of Budapest” və digər ali təhsil müəssisələrində Kompüter elmləri, İqtisadiyyat, Kənd təsərrüfatı, Biznesin idarə olunması, Turizm, Mühəndislik, Kimya və digər ixtisas istiqamətləri üzrə təhsil almaq imkanı əldə edib. Onlardan 104 nəfər magistratura, 71 nəfər bakalavriat, 6 nəfər doktorantura, 1 nəfər isə baza ali tibb təhsili üzrə təhsil alacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR