Tədris ilinin başlaması ilə əlaqədar Bakıda işıqforlar "yaşıl dalğa" prinsipi ilə işləyəcək

Tədris ilinin başlaması ilə əlaqədar Bakıda işıqforlar "yaşıl dalğa" prinsipi ilə işləyəcək
# 14 sentyabr 2016 10:31 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. 2016-2017-ci tədris ilinin başlanması ilə əlaqədar olaraq yollarda nəqliyyat vasitələrinin və piyadaların sıxlığının artacağı ehtimalını nəzərə alaraq Bakı Nəqliyyat Agentliyi (BNA) sentyabrın 15-də gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.


BNA-dan "APA-Economics"ə verilən məlumata görə, məqsəd ilk dərs günü, xüsusən də səhər saatlarında paytaxt yollarında yarana biləcək avtomobil sıxlığının qarşısını almaq, nəqliyyat vasitələrinin təhlükəsiz və intensiv hərəkətini təmin etməkdir.

"Bunun üçün paytaxtın küçə və prospektlərinə, xüsusən də ali və orta təhsil müəssisələrinin yerləşdiyi ərazilərə nəzarət gücləndiriləcək. Bu ərazilərdə avtomobillərin dayanmaması, sıxlığın və tıxacların yaranmaması üçün işıqforlarda "yaşıl dalğa" tətbiq ediləcək. Bununla yanaşı, səhər saatlarında yarana biləcək sərnişin sıxlığının minimuma endirilməsi və əhalinin təhsil müəssisələrinə, iş yerlərinə vaxtında rahat çatmasını təmin etmək üçün Bakı şəhərində müntəzəm sərnişindaşıma ilə məşğul olan daşıyıcı şirkətlərə xüsusi göstəriş verilib. Göstərişə əsasən sərnişin avtobuslarının hərəkət intervalı mümkün qədər azaldılmalı, zərurət yarandığı halda günün pik saatlarında nəqliyyat vasitəsinin sayı artırılmalıdır", - deyə BNA-nın məlumatında bildirilir.

BNA həmçinin sürücülərdən xahiş edir ki, təhsil müəssisələrinə yaxın, bitişik ərazilərdə avtomobillərin park edilməsi qaydalarına və sürət həddinə ciddi əməl etsinlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR