Sumqayıt Kimya Sənaye Parkının yeni rezidentinin təqdimatı keçirilib

Sumqayıt Kimya Sənaye Parkının yeni rezidentinin təqdimatı keçirilib
# 29 aprel 2016 10:16 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu gün Bakıda Sumqayıt Kimya Sənaye Parkının yeni rezidentinin təqdimatı olub.

"APA-Economics" məlumata görə, parkın sayca 7-ci olan rezidenti "MST Engineering Services" MMC şirkətidir. İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə Sumqayıt Kimya Sənaye Parkının rezidentləri, eləcə də metallurgiya, kimya, gəmiqayırma, tikinti, bərk məişət tullantılarının idarə edilməsi və s. sahələrdə fəaliyyət göstərən müəssisələrin nümayəndələri iştirak edib.

İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov ölkəmizdə həyata keçirilən sənayeləşmə siyasəti çərçivəsində görülən işlər, “Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”nın icrası istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib, qeyri-neft sektorunun inkişafında sənaye parkları və məhəllələrinin əhəmiyyətini vurğulayıb.

O bildirilib ki, sənayenin modernləşdirilməsi və strukturunun təkmilləşdirilməsi, qeyri-neft sənayesinin ixrac potensialının artırılması, rəqabətqabiliyyətli sənaye istehsalının genişləndirilməsi, elmtutumlu və innovativ istehsalın gücləndirilməsi, yeni istehsal sahələri üçün ixtisaslı kadrların hazırlanması prioritet istiqamətlərdəndir. Sənayeləşmə prosesinin sürətləndirilməsində müvafiq institutların yaradılması və onların fəaliyyətinin genişləndirilməsi mühüm rol oynayır. Artıq ölkəmizdə Sumqayıt Kimya Sənaye, Balaxanı Sənaye və Qaradağ Sənaye parkları fəaliyyət göstərir. Mingəçevirdə sənaye parkının təşkili istiqamətində işlər aparılır. Neftçala Sənaye Məhəlləsinin tikintisi isə başa çatmaq üzrədir və yaxın vaxtlarda sahibkarların istifadəsinə veriləcək. Kiçik və orta sahibkarlığın dəstəklənməsi, regionların sənaye potensialından istifadənin genişləndirilməsi məqsədilə ölkəmizin digər regionlarında da sənaye məhəllələrinin yaradılması nəzərdə tutulur.

Qeyd edilib ki, Azərbaycan prezidentinin 2011-ci il 21 dekabr tarixli Fərmanı ilə yaradılan Sumqayıt Kimya Sənaye Parkı Azərbaycanın ilk sənaye parkıdır. Hazırda sənaye parkının 7 rezidenti var. Parkda rezidentlərin fəaliyyəti üçün əlverişli şərait yaradılıb. Sənaye parkına yeni rezidentlərin cəlb edilməsi istiqamətində potensial investorlarla danışıqlar davam etdirilir və yaxın zamanlarda daha bir neçə şirkətə rezident statusunun verilməsi nəzərdə tutulur. Belə ki, artıq əczaçılıq məhsullarının, kimyəvi maddələrin istehsalı sahələri üzrə fəaliyyət göstərən şirkətlər Sumqayıt Kimya Sənaye Parkında fəaliyyət göstərməkdə maraqlı olduqlarını bildiriblər.

"MST Engineering Services" MMC-nin nümayəndəsi Fərid Babayev bildirib ki, "Sumqayıt Kimya Sənaye Parkı" MMC-də 7-ci rezident statusunu alan "MST Engineering Services" MMC şirkət sənaye parkının ərazisində ABŞ-ın "Parker Hannifin" şirkəti ilə birgə müxtəlif növ və çeşiddə yüksək təzyiqə davamlı xortum və fitinqlərin yığılması və istehsalını həyata keçirəcək. İstehsal olunan avadanlıqlar kimya, maşınqayırma, metallurgiya, neft-qaz, tikinti və qida sənayesində istifadə olunacaq.

Bu ilin sonlarında inşası başa çatdırılacaq zavodda dəmir, pas atmayan polad və digər materiallardan istifadə olunmaqla ildə 30 min ədəd xortum və fitinq istehsal ediləcək, müasir avadanlıqlar və texnologiyalarla təchiz ediləcək zavodda 40 yaxın insanın işlə təmin olunacaq. Zavodda istehsal olunacaq məhsullar daxili tələbatı ödəməklə yanaşı, MDB ölkələrinə, o cümlədən də Qazaxıstan, Türkmənistan, Özbəkistan kimi ölkələrə ixrac olunacaq.

Qeyd edək ki, Sumqayıt Kimya Sənaye Parkının rezidentləri 7 il müddətinə mənfəət, əmlak və torpaq vergilərindən, həmçinin idxal olunan texnika, texnoloji avadanlıqlar və qurğulara görə ƏDV-dən və gömrük rüsumundan azaddır.

Xortum və fitinq birləşmələrinin istehsalı üzrə ixtisaslaşmış ABŞ-ın "Parker" şirkətinin Azərbaycan üzrə satış meneceri Murad Cəfərov təmsil etdiyi şirkətin "MST Engineering Services" MMC ilə Azərbaycanda birgə reallaşdıracağı layihə, istehsal olunacaq avadanlıqlar barədə təqdimatla çıxış edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR