Elmar Məmmədyarov: “Azərbaycan mədəniyyətlər və dinlərarası dialoqun qlobal təşviqi məqsədilə ardıcıl siyasət yürüdür”

Elmar Məmmədyarov: “Azərbaycan mədəniyyətlər və dinlərarası dialoqun qlobal təşviqi məqsədilə ardıcıl siyasət yürüdür”
# 02 noyabr 2015 15:56 (UTC +04:00)

Bakı – APA. Xarici işlər naziri Elmar Məmmədyarov Los Ancelesdə yerləşən Sinay sinaqoqunun ravvini Deyvid Volpenin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

XİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, E. Məmmədyarov Azərbaycanda müxtəlif dini konfessiyaların tarixən dinc yanaşı yaşadığını diqqətə çatdıraraq, yəhudi icmasının əsrlər boyu ölkədə mövcud olduğunu deyib. O, Azərbaycanın multikulturalizm və tolerantlıq ənənələrinin nümunəvi xarakter daşıdığını deyərək ölkənin milli təcrübə əsasında mədəniyyətlər və dinlərarası dialoqun qlobal səviyyədə təşviqi məqsədilə ardıcıl siyasət yürütdüyünü və mötəbər tədbirlərə ev sahibliyi etdiyini söyləyib. Nazir qonaqlara Ermənistan-Azərbaycan münaqişəsi və onun ağır nəticələri haqqında məlumat verərək Ermənistanın dövlət səviyyəsində Azərbaycana qarşı yürütdüyü etnik və dini dözümsüzlük, irqi ayrı-seçkilik və etnik nifrət siyasəti haqqında danışıb. Bu siyasətin nəticəsi olaraq 1 milyondan artıq azərbaycanlının Ermənistan ərazisində öz tarixi torpaqlarında və işğal olunmuş Azərbaycan ərazilərində qanlı etnik təmizləməyə məruz qaldıqlarını nəzərə çatdırıb. O, münaqişənin həlli üçün Ermənistanın Azərbaycana qarşı törətdiyi işğala son qoymalı və Ermənistanın silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalı olduğunu bir daha vurğulayıb.

Azərbaycana səfərlərindən məmnunluq ifadə edən qonaqlar Bakı ilə yanaşı, Quba şəhərinə və Qırmızı qəsəbəyə səfərləri, orada yerli yəhudi icmasına dövlət səviyyəsində göstərilən qayğı ilə tanış olduqları haqqında danışaraq Azərbaycanın əldə etdiyi iqtisadi və sosial inkişafın yalnız paytaxt deyil, regionları da əhatə etməsinin canlı şahidi olduqlarını və bunun təqdirəlayiq hal olduğunu qeyd ediblər.

Görüş əsnasında nazir Elmar Məmmədyarov qonaqların Azərbaycan-ABŞ əlaqələri, regional və qlobal məsələlər haqqında suallarını cavablandırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR