Azərbaycan-Fransız Universitetində təhsil alan tələbələr praktikanı “Bakı Metropoliteni”ində keçəcəklər

Azərbaycan-Fransız Universitetində təhsil alan tələbələr praktikanı “Bakı Metropoliteni”ində keçəcəklər
# 30 may 2018 15:57 (UTC +04:00)

“Bakı Metropoliteni” QSC ilə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universiteti (UFAZ) arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.

QSC-dən “APA-Economics”ə verilən məlumata görə, tədbirdə Fransa Avropa və xarici işlər naziri Jan-İv Lö Drian, Azərbaycanın təhsil naziri Ceyhun Bayramov, “Bakı Metropoliteni” QSC-nin sədri Zaur Hüseynov, ADNSU-nun rektoru, professor Mustafa Babanlı, Fransanın Azərbaycandakı səfiri Orelia Buşez, Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev, Strasburq Universitetinin prezidenti Mişel Deneken, Fransanın Kosmik Tədqiqatlar Milli Mərkəzinin prezidenti Jan-İv Lö Gol, "Airbus DS France"nin prezidenti Nikola Şamussi, “Bakı Metropoliteni” QSC-nin İnsan resursları və xidmət departamentinin rəisi Tərlan Dadaşov, Təlim-tədris mərkəzinin rəisi Fuad Tağızadə, “Azerkosmos” ASC-nin sədri Rəşad Nəbiyev və ADNSU-nun tələbələri iştirak ediblər.

Tədbirdən öncə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş Fransa Avropa və Xarici İşlər Nazirliyi fondunun arxiv sərgisinin rəsmi açılış mərasimi keçirilib. Mərasim iştirakçıları Azərbaycan Xalq Cümhuriyyətinə həsr olunmuş arxiv sərginin stendləri ilə tanış olublar.

Daha sonra “Bakı Metropoliteni” QSC-nin sədri Zaur Hüseynov, ADNSU-nun rektoru, professor Mustafa Babanlı, Fransanın “Thales” şirkətinin Azərbaycan ofisinin direktoru Mehmet Sahan, Strasburq Universitetinin prezidenti Mişel Deneken arasında əməkdaşlıq memorandumunun imzalanması mərasimi keçirilib.

Memorandumun məqsədi Azərbaycan-Fransız Universiteti (UFAZ) ilə əlaqələrin və əməkdaşlığın möhkəmlənməsini, peşəkar və akademik mühitlər arasında qarşılıqlı maraq və inteqrasiyanı nəzərə alaraq, birgə layihənin həyata keçirilməsidir.

Əməkdaşlıq memorandumuna əsasən UFAZ-da təhsil alan tələbələr təhsil proqramının praktiki hissəsini "Thales"in proqramlarına uyğun təchiz olunmuş “Bakı Metropoliteni” QSC-nin müvafiq sahələrində keçəcəklər. "Thales" tərəfindən keçirilən praktiki məşğələlərə “Bakı Metropoliteni” QSC-nin mühəndisləri də cəlb olunacaq. Tələbələrə uzunmüddətli təcrübə keçmək, onları real iş mühiti ilə təmin etmək “Bakı Metropoliteni” QSC-nin öhdəlikləri sırasındadır.

Qeyd edək ki, Azərbaycan-Fransız Universiteti (UFAZ) 2014-cü ilin sentyabrında keçirilən ikitərəfli görüşdə Azərbaycan və Fransa prezidentlərinin təşəbbüsü ilə yaradılıb. UFAZ iki ölkə arasında əlaqələrin hərtərəfli inkişafında yeni bir mərhələdir.

UFAZ-da 4 ixtisas - geofizika mühəndisliyi, kimya mühəndisliyi, kompüter elmləri, neft-qaz mühəndisliyi ixtisasları üzrə dərslər tədris olunur. Hazırda universitetdə 200-dən artıq tələbə təhsil alır.

Tədbirdə çıxış edən Fransa Avropa və xarici işlər naziri Jan-İv Lö Drian 28 May - Respublika Günü münasibətilə Azərbaycan xalqına təbriklərini çatdırıb, ölkəmizə sülh və əmin-amanlıq arzulayıb. Ölkələrimiz arasında təhsil sahəsindəki əlaqələrin və birgə əməkdaşlığın əhəmiyyətindən danışan fransalı nazir UFAZ-ın yaradılmasından böyük məmnunluq hissi keçirdiyini də bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR