Binəqədidə yanan bina ilə bağlı məhkəmədə sənədlərin tədqiqi davam edir - YENİLƏNİB

Binəqədidə yanan bina ilə bağlı məhkəmədə sənədlərin tədqiqi davam edir - <span style="color: red;">YENİLƏNİB
# 01 dekabr 2016 10:03 (UTC +04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Binəqədi rayonunda yaşayış binasında baş verən yanğınla bağlı təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə

Uğur Bəşirovun vəkili Cavid Rzazadə vəsatət verib. O, Binəqədi rayon İcra Hakimiyyətindən məktubların qeydiyyat kitablarından çıxarışlarının məhkəməyə təqdim olunmasını istəyib. Hakim vəsatətə sonra baxılacağını deyib.

Ədalət Rəcəbovun vəkili isə bildirib ki, müdafiə etdiyi şəxs binada üzləmə başa çatandan sonra İcra Hakimiyyətində təsərrüfat şöbəsinin rəisi işləyib: "Ona niyə ittiham verilib?"

Hakim hazırda həmin məsələnin araşdırılmadığını deyib.

Proses dekabrın 5-də davam edəcək.

***

12.43

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Binəqədi rayonunda yaşayış binasında baş verən yanğınla bağlı təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə sənədlərin tədqiqi davam etdirilib. Elan olunan sənədlərdə göstərilib ki, binada aparılan işlər zamanı yanğın təhlükəsizlik qaydalarına əməl olunub. Miryusif Mahmudovun vəkili İlhamə Həsənova deyib ki, işdə olan məktublardan çoxu qeydiyyatdan keçməyib: "Guya Binəqədi rayon İcra Hakimiyyətinə 2012-ci ildə məlumat olub ki, poliuretan üzlüklər təhlükəlidir. Lakin bunun saxta olduğu aydındır. Məktub qeydiyyatdan keçməyib".

Hakim vəkilin dediklərinin protokola yazıldığını deyib. İ. Həsənova isə dediklərinin araşdırılmasını istəyib: "Protokola yazmaq yox, araşdırmaq lazımdır".

Qəzənfər Novruzovun vəkili Nüşabə Ağayeva istintaqın düzgün aparılmadığını deyib. Prokuror isə bildirib ki, bütün məsələlər araşdırılacaq.

Təqsirləndirilən Uğur Bəşirov deyib ki, materialın təhlükəli olması haqqında məlumat olubsa, niyə heç bir tədbir görülməyib.

İclasda Binəqədi rayon İcra Hakimiyyətinin başçısı tərəfindən baş prokurorun birinci müavini Rüstəm Usubova göndərdiyi məktub elan edilib. Məktubda icra başçısının müavini Qüdrət Seyfullayevin sərəncamla işdən çıxarıldığı bildirilib.

Proses davam edir.

Qeyd edək ki, ötən il mayın 19-da paytaxtın Binəqədi rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında ağır nəticələrə səbəb olmuş yanğınla bağlı binaların üzlənməsində istifadə olunan “poliuretan” məmulatını istehsal edən "Qlobal Stone" və "Global Constuction" MMC təsisçisi Miryusif Mahmudov, “Qlobal Stone” MMC-nin baş direktoru Uğur Bəşirov, “Global Construction” MMC-nin sədr müavini Ələkbər Əsgərov, 2012-2013-cü illərdə Binəqədi rayon mənzil-kommunal təsərrüfat birliyinin rəisi işləmiş rayon icra hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri Ədalət Rəcəbov, Binəqədi rayonu, 72 saylı mənzil-kommunal istismar sahəsinin rəisi Nizami Orucov və binanın poliuretan materialla üzlənməsi işlərinə nəzarət funksiyalarını həyata keçirməli olan, 2012-2013-cü illərdə Binəqədi rayon İcra Hakimiyyəti başçısının birinci müavini işləmiş Qəzənfər Novruzov, Cinayət Məcəlləsinin 225.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan yanğın təhlükəsizliyi qaydalarını pozma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarları həbs qətimkan tədbiri seçilib.

Bundan başqa, cinayət işinə "Dərnəgül Boru" Zavodunun laboratoriya rəhbəri Ağacavad Məmmədov və Səhiyyə Nazirliyi yanında Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktoru Akif Əlibəyov da cəlb edilib. Onlar barəsində həbs-qətimkan tədbiri seçilməyib.

Yanğın nəticəsində 15 nəfər ölüb, 50 nəfər xəsarət alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR