Azərbaycanın İrandakı səfiri FARS agentliyində olub

Azərbaycanın İrandakı səfiri FARS agentliyində olub
# 11 noyabr 2016 18:01 (UTC +04:00)

Azərbaycanın İran İslam Respublikasındakı səfiri Bünyad Hüseynov FARS informasiya agentliyinin fəaliyyəti ilə tanış olub.

Azərbaycanın Irandakı səfirliyindən APA-nın Tehran bürosuna verilən məlumata görə, səfir Bünyad Hüseynov agentliyin icraçı direktoru Seyid Nizaməddin Musəvi ilə görüşüb.

S.N.Musəvi iki ölkə arasında tarixi, mədəni və dini o­rtaqlıqlara işarə edərək, əlaqələrin daha­ yüksək səviyyə qaldırılması üçün kütləvi informasiya vasitələrinin rolunu önə çəkib. S.N.Musəvi 16-17 noyabr 2016-cı ildə Bakıda təşkil ediləcək V Dünya Xəbər Agentlikləri Konqresinə dəvət olunduğu üçün təşəkkürünü bildirib. Azərbaycana səfəri çərçivəsində yerli kütləvi informasiya vasitələrinin nümayəndələri ilə görüşlərin, müzakirələrin və təcrübə mübadiləsinin aparılmasında maraqlı olduqlarını vurğulayıb. S.N.Musəvi FARS informasiya agentliyi barədə məlumat verərək, hazırda 5 dildə fəaliyyət göstərdiklərini, ölkə üzrə bütün vilayətlərdə müxbir məntəqəsinin mövcud olduğunu qeyd edib.

Səfir Bünyad Hüseynov Azərbaycan-İran münasibətləri barədə ətraflı məlumat verərək, son 3 ildə ölkə prezidentlərinin 7 dəfə­ görüşdüklərini vurğulayıb. İki ölkə arasında müxtəlif sahələri əhatə edən müqavilə-hüquq bazasının olduğunu diqqətə çatdırıb, 40-ı iqtisadi sahəyə aid olmaqla, ümumilikdə 127 sənəd imzalandığını bildirib. Dövlətlərarası Müştərək Komissiyanın indiyə qədər 10 iclasının keçirildiyini, növbəti iclasın Bakıda təşkil olunacağını söyləyib. Müştərək komissiya çərçivəsində iqtisadiyyat, alternativ və bərpa olunan enerji, kənd təsərrüfatı, nəqliyyat və tranzit sahəsində işçi qrupların fəaliyyət göstərdiyini diqqətə çatdırıb. Səfir Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin tərkib hissəsi olan Azərbaycan-İran dəmir yolu xətlərinin birləşdirilməsi istiqamətində görülən işlər barədə ətraflı məlumat verib.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə diqqət çəkən səfir ölkəmizin 20% ərazisinin 25 ilə yaxındır ki, erməni silahlı qüvvələrinin işğalında olduğunu, Azərbaycan-İran sərhədinin 132 km-nin nəzarətsiz qaldığını vurğulayıb. Hər iki ölkənin kütləvi informasiya vasitələri arasında əlaqələrin genişləndirilməsinin zəruriliyinə toxunan səfir, məlumatın ilkin mənbədən əldə olunaraq yayılmasının əhəmiyyətini qeyd edib. Səfir Fars informasiya agentliyinin fəaliyyəti ilə yaxından tanış olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR