Səlim Müslümov Siyəzəndə vətəndaşlarla görüşüb

Səlim Müslümov Siyəzəndə vətəndaşlarla görüşüb
# 02 mart 2018 09:28 (UTC +04:00)

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Siyəzən rayonunda həmin rayonun və Şabran, Quba, Qusar, Xaçmaz rayonlarının sakinləri ilə görüşüb.

Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən "APA-Economics"ə verilən məlumata görə, vətəndaşlar məşğulluğun təmin edilməsi, kiçik ailə təsərrüfatının yaradılması üçün özünüməşğulluq proqramı çərçivəsində aktivlərlə təmin edilmə, peşə hazırlığı kurslarına cəlb olunma, tibbi-sosial reabilitasiya, imtiyazlı şəxslərin mənzillə təminatı, əmək hüquqlarının müdafiəsi, sosial xidmətlərin göstərilməsi, bu və ya digər sosial təminat növünə hüququn müəyyən edilməsi və s. məsələlərlə bağlı müraciət ediblər.

Müraciətlər nazirliyin müvafiq struktur bölmələrinin məsul şəxslərinin iştirakı ilə cavablandırılıb, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görülüb. Ayrı-ayrı şəxslərin müraciətlərinə əsasən reabilitasiya vasitələri və sosial xidmətlərlə təmin edilmələri barədə tapşırıqlar verilib.

S.Müslümov vətəndaşlarla görüşündə Azərbaycan prezidenti İlham Əliyevin uğurlu sosial-iqtisadi inkişaf strategiyasının ölkəmizin bütün bölgələri kimi, Quba-Xaçmaz iqtisadi rayonunda da mövcud yerli iqtisadi potensialdan düzgün və səmərəli istifadəyə əsaslanan inkişaf proseslərinə səbəb olduğunu vurğulayıb. Nazir qeyd edib ki, bölgədə mühüm infrastruktur layihələrinin icrası, hərtərəfli dövlət dəstəyi nəticəsində sahibkarlığın genişlənməsi, habelə yerli turizm potensialının uğurla reallaşdırılması əmək tutumlu yeni müəssisələrin və iş yerlərinin yaranmasına imkan verib: “Bu proseslər, xüsusilə aqrar sahənin inkişafına yönələn kompleks stimullaşdırıcı tədbirlər nəticəsində kənd təsərrüfatının ənənəvi istehsal sektorlarının dirçəldilməsi bölgədə əmək resurslarının məşğulluğunun təminatında əhəmiyyətli irəliləyişlərə səbəb olub. Həmçinin regionda xalq sənətkarlığı sahələrinin, o cümlədən xalçaçılığın inkişafı tədbirləri də yeni iş yerlərinin açılmasına əlavə dəstək verir. Azərbaycan Prezidenti İlham Əliyevin bu günlərdə imzaladığı 28 fevral 2018-ci il tarixli “Şabran rayonunda xalça istehsalı emalatxanasının tikintisi, təchizatı və infrastrukturunun yaradılması ilə bağlı tədbirlər haqqında” Sərəncamı da bu sahədə növbəti mühüm addımın atılmasına şərait yaradır”.

Qəbul zamanı işlə təmin olunmaq üçün müraciət edən vətəndaşlar yaşadıqları ərazilərdə olan vakansiyalarla tanış edilib və həmin vakansiyalar üzrə onlara seçimlərinə, əmək bacarıqlarına uyğun iş yerlərinə göndərişlər verilib. Ayrı-ayrı vətəndaşlar peşə hazırlığına, özünü məşğulluq proqramına cəlb edilmək üçün qeydiyyata götürülüblər.

Nazirliyin məşğulluq orqanları tərəfindən Siyəzən, Şabran, Quba, Qusar, Xaçmaz rayonlarında aktiv məşğulluq tədbirlərinin davam etdirildiyini bildirən S.Müslümov bu tədbirlərin davamı kimi, ötən il bu rayonlarda məşğulluq orqanlarının xətti ilə əlavə olaraq 2154 nəfər işsiz və iş axtaran şəxsin münasib iş yerləri ilə təmin olunduğunu, 85 nəfər üçün peşə hazırlığı kurslarının təşkil edildiyini diqqətə çatdırıb: “Eləcə də bu beş rayon üzrə 81 aztəminatlı ailə dövlət başçısının müvafiq Sərəncamına əsasən icra olunan özünü məşğulluq proqramına cəlb olunub. Bu il isə həmin rayonlar üzrə ümumilikdə 400-dən çox aztəminatı ailənin özünü məşğulluq proqramı çərçivəsində kiçik ailə təsərrüfatlarının yaradılması nəzərdə tutulub”.

Nazir Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin mənzillə təminatı proqramı çərçivəsində son iki ildə Siyəzən, Şabran, Quba, Qusar, Xaçmaz rayonlarında ümumilikdə 30 ədəd fərdi yaşayış evinin bu təbəqələrdən olan insanların istifadəsinə verildiyini diqqətə çatdırıb: “Cari ildə də bu bölgədə Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə yeni fərdi yaşayış evlərinin təqdim olunması işləri davam etdiriləcək”.

Qəbula gələn vətəndaşlardan bir qismi isə bərpa müalicəsinə cəlb edilmələri üçün qeydiyyata alınıblar. S.Müslümov nazirliyin Xaçmaz rayonunda Əlillərin Regional Bərpa Mərkəzi tərəfindən hər il 250 nəfərə yaxın əlilliyi olan şəxsin reabilitasiya xidmətləri ilə təmin edildiyini bildirib: “Lakin hazırda bu bölgədə reabilitasiya xidmətləri şəbəkəsinin genişləndirilməsi də diqqətdə saxlanılır və bununla bağlı müvafiq işlər aparılır. Eyni zamanda, nazirliyin sosial sifarişləri əsasında icra olunan reabilitasiya yönümlü sosial xidmət layihələrindən biri kimi, “Uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınması və çətin həyat şəraitində olan uşaqların və ailələrin sosial xidmətlərə çıxışının təmin edilməsi məqsədilə digər bir sıra rayonlarla yanaşı, Quba rayonunda da müvafiq sosial xidmət layihəsi bu il davam etdiriləcək”.

Qəbula gələn vətəndaşlar ölkə əhalisinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində tədbirlərin davam etdirilməsindən, əmək pensiyalarının, sosial müavinət və Prezidentin təqaüdlərinin növbəti dəfə artırılmasını nəzərdə tutan fərman və sərəncamların imzalanmasından, rayonlarda məşğulluq imkanlarının artırılması üçün aparılan işlərdən razılıq hisslərini ifadə ediblər.

Qəbul zamanı nazirliyin səlahiyyət dairəsinə aid olmayan müraciətlərdə əksini tapan məsələlər aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR