Göyçay və İsmayıllıda mağazalardan xeyli miqdarda qızıl-zinət əşyaları oğurlayan şəxs tutulub

Göyçay və İsmayıllıda mağazalardan xeyli miqdarda qızıl-zinət əşyaları oğurlayan şəxs tutulub
# 12 iyun 2015 09:10 (UTC +04:00)

Göyçay. Elvin Yaqubov - APA. Göyçay və İsmayıllı rayonlarında mağazalardan ümumilikdə 56 min 400 manatlıq qızıl-zinət əşyaları oğurlayan şəxs tutulub.

APA-nın yerli bürosunun məlumatına görə, Göyçay şəhərindəki oğurluq hadisəsi ötən il iyunun 2-də “Göyçay-Bazar” ASC-nin ərazisində fəaliyyət göstərən qızıl əşyalarının satışı mağazasında, İsmayıllıdakı hadisə isə bu il martın 28-də şəhərin mərkəzindəki qızıl və cehizlik əşyalar mağazasında qeydə alınıb.

Göyçay rayon sakini Kəmalə Əsədovaya məxsus mağazadan 6400 manatlıq, İsmayıllı sakini Murad Adıgözəlova məxsus mağazadan isə 50 min manatlıq qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakini 1979-cu il təvəllüdlü Həziyev Əjdər Sahib oğlu Göyçay və İsmayıllı rayon Polis Şöbələrinin əməkdaşları tərəfindən keçirilən birgə əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

Qeyd olunub ki, hər iki oğurluq hadisəsi gündüz vaxtı, satıcılar mağazada olan zaman qeydə alınıb. İsmayıllıdakı mağaza sahibi Murad Adıgözəlovun sözlərinə görə, həmin şəxs mağazadan 65 ədəd brilyant qaşlı qızıl üzük, 30-a yaxın brilyant və adi qaşı olan sırğa, bilərzik, 3 ədəd qızıl dəsti, 2 ədəd çəkisi 30 qram olan qızıl boyunbağı, qızıl saatlar və digər əşyalar oğurlayıb.

Göyçaydakı mağazanın sahibi Kəmalə Əsədova 15 yaşlı oğluna mağazaya nəzarət etməyi tapşırıb və qayıtdıqda uşağın naməlum şəxs tərəfindən aldadılaraq oradakı qızıl-zinət əşyalarının oğurlanmasının şahidi olub.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR