BP və tərəfdaşları Layihələrin İdarəetmə Məktəbinə indiyədək 2 mln. dollardan artıq vəsait xərcləyib

BP və tərəfdaşları Layihələrin İdarəetmə Məktəbinə indiyədək 2 mln. dollardan artıq vəsait xərcləyib
# 06 aprel 2018 09:12 (UTC +04:00)

Bu gün BP və onun “Azəri-Çıraq-Günəşli”, Bakı-Tbilisi-Ceyhan, “Şahdəniz” və Cənubi Qafqaz Boru Kəməri layihələrindəki tərəfdaşları Layihə İdarəetmə Məktəbinin beşinci məzun buraxılışını qeyd edib.

APA-Economics”in məlumatına görə, SOCAR-ın Bakı Ali Neft Məktəbində keçirilmiş tədbirdə 52 nəfər beynəlxalq miqyasda tanınan Corc Vaşinqton Universitetinin layihələrin idarəetmə ixtisası üzrə magistr sertifikatı təqdim olunub.

Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov bildirib ki, Bakı Ali Neft Məktəbindən Layihə İdarəetmə Məktəbində 24 nəfər təhsil alıb: “Bu gün isə 2 nəfər sertifikat alacaq”.

Qeyd edək ki, Layihələrin İdarəetmə Məktəbinə 2011-ci ildən indiyədək 2 mln. dollardan artıq vəsait xərclənib. Ümumilikdə bu layihədə 377 nəfər iştirakçı olub. 357 nəfər dinləyici sertifikatı alıb, 334 nəfər magistr sertifikatı əldə edib. İştirakçılar 141 təşkilatı təmsil edib.

“BP-Azerbaijan” şirkətinin əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli bildirib ki, Layihələr İdarəetmə Məktəbi 2011-ci ilin yanvar ayında yaradılıb. Onun sözlərinə görə, bu layihə mərhələlərlə həyata keçirilir: “Layihə başlayanda qarşıya qoyulmuş məqsədlərdən biri də təlim proqramının icrasını yerli təlimçilərə təhvil vermək olub. Layihələrin İdarəetmə Məktəbi dördüncü fazasında bu məqsədə nail olub və təlim proqramının keçirilməsi tamamilə yerli təlimçilər heyətə ötürülüb. Hazırda Layihə İdarəetmə Məktəbinin bütün təlim heyəti yerli mütəxəssislərdən ibarətdir”.

O bildirib ki, 2017-ci ildə başlamış dördüncü faza Bakı Ali Neft Məktəbi ilə tərəfdaşlıq edən “Twenty Eighty Strategy Execution” şirkəti tərəfindən yerinə yetirilib: “Hazırda Layihə İdarəetmə Məktəbi özünü maliyyələşdirmə mərhələsinə keçib və layihələri idarəetmə sahəsində aparıcı beynəlxalq təlim şirkəti olan “Twenty Eighty Strategy Execution” ilə əməkdaşlıq şəraitində Bakı Ali Neft Məktəbi tərəfindən idarə olunur”.

Xatırladaq ki, Layihələri İdarəetmə Məktəbi layihələrin idarə olunması üzrə beynəlxalq səviyyədə qəbul edilmiş geniş təlim proqramı təmin etməklə həm özəl, həm də dövlət sektorundakı şəxslərin layihələri i idarəetmə bacarıqlarını təkmilləşdirmək üçün nəzərdə tutulub. Proqramın məqsədi həm layihələrin bilavasitə idarəedilməsinin icrasını təkmilləşdirmək, həm də ölkədə layihələrin idarə olunması üzrə uzunmüddətli bacarıqların yaradılmasını təmin etməkdir. Builki məzunlar hökumət, neft və qaz, sığorta, tikinti və təhsil də daxil olmaqla dövlət və özəl sektorda olam müxtəlif təşkilatları təmsil edir.

Layihə İdarəetmə Məktəbinin tədris proqramı yeddi moduldan ibarətdir. Layihələrin idarə edilməsi, layihəyə rəhbərlik, İdarə etmə və əlaqə, Risklərin idarə edilməsi, Planlaşdırma və xərclərə nəzarət, Layihə menecerləri üçün keyfiyyət, Layihənin idarə edilməsinin tətbiqi mexanizmləri, Layihələrin idarəetmə mütəxəssisi imtahanına hazırlıq daxildir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR