Azərbaycanın Almaniyadakı səfiri Almaniya prezidentinə etimadnaməsini təqdim edib

Azərbaycanın Almaniyadakı səfiri Almaniya prezidentinə etimadnaməsini təqdim edib
# 11 oktyabr 2016 19:34 (UTC +04:00)

Bakı-APA. Azərbaycanın Almaniyadakı fövqəladə və səlahiyyətli səfiri Ramin Həsənov Almaniya prezidenti Yoaxim Qauka etimadnaməsini təqdim edib.

XİN-in mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, federal prezident Ramin Həsənovu Almaniyaya səfir təyin olunması münasibətilə təbrik edib, gələcək fəaliyyətində uğurlar arzulayıb.

Səfir Ramin Həsənov Azərbaycan prezidentinin salamlarını, Almaniyaya və onun xalqına rifah, tərəqqi arzularını dövlət rəhbərinə çatdırıb.

Federal prezident Azərbaycanın dövlət başçısına öz salamlarını və ən xoş arzularını çatdırmağı xahiş edib.

Federal prezident Azərbaycanla münasibətlərin mövcud durumundan razılığını ifadə edərək Almaniyanın regionda sabit tərəfdaşlara ehtiyacı olduğunu bildirib.

Səfir Azərbaycan və Almaniya arasında bütün sahələrdə münasibətlərin inkişaf etdiyini, ən yüksək səviyyədə siyasi dialoqun mövcudluğunu diqqətə çatdıraraq, son il ərzində baş tutmuş qarşılıqlı səfərləri qeyd edib. O, Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı məlumat verərək, Ermənistanın ərazilərimizi işğal etməsindən və işğal nəticəsində yaranmış qaçqınlar, eləcə də məcburi köçkünlər problemindən bəhs edib. ATƏT-in sədri qismində Almaniyanın fəaliyyətinə toxunub. Ermənistan-Azərbaycan münaqişəsinin tezliklə beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyü çərçivəsində həll edilməli olduğunu vurğulayıb.

Görüş zamanı Azərbaycan-Almaniya münasibətlərinin mövcud durumu, ikitərəfli və çoxtərəfli formatlarda inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Eyni zamanda Azərbaycan Respublikası-Avropa İttifaqı əməkdaşlığı, vətəndaş cəmiyyəti, Cənubi Qafqaz regionunda alman məskənlərinin salınmasının 200 illiyi ilə bağlı məsələlər müzakirə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR