Heydər Əliyev Sarayında “Səyyah Sindibad” rok-operası təqdim olunacaq

Heydər Əliyev Sarayında “Səyyah Sindibad” rok-operası təqdim olunacaq
# 07 fevral 2018 14:28 (UTC +04:00)

May ayında Heydər Əliyev Sarayında “Səyyah Sindibad” rok-operası təqdim olunacaq.

Sarayın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Azərbaycanın musiqi mədəniyyəti tarixində ilk dəfə olaraq, yazılan “Səyyah Sindibad” adlı əsərin müəllifi bəstəkar və müğənni, klassik vokal məktəbinin nümayəndəsi Rizvan Sədirxanovdur. İki il müddətində ərsəyə gələn operanın adı məşhur “Min bir gecə nağılları”nın ən maraqlı hissələrindən olan “Dəniz səyyahı Sindibadın nağılı”ndan götürülüb.

Multikultural layihə olan rok-operada dünya klassiklərinin şeirlərindən nümunələr, azərbaycan, rus, ingilis, italyan, çex dilində mətnlər və eyni zamanda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın şeirləri də yer alıb.

Əsərdə Mikayıl Rəfiyev (Sindibad), Gülşən İbadova (Zöhrə), Emil Minyaşev (Qoruyucu mələk), Rizvan Sədirxanov (Bosman) çıxış edirlər. Həmçinin tanınmış musiqiçilər Azər Rza, Cavid Səmədov, Şamil Kərimov, Yuliya Motorina, Mila Rzayeva, İsmayıl Yakubov, İlham Nəzərov, Nərgiz Əlizadə, Ədalət Şükürov və digərləri də rok-operanı ifa edirlər.

Operanın musiqi prodüseri Emil Minyaşev, rəssamı Marina Kuznetsovadır. Ariyaların mətnləri Leyla Əliyeva, Azad Hacıyev, Rafael Hüseynov, Alessandro Milani, İosef Sladek, Şəmsi Qacar, Nikolay Qumelyova və başqalarına məxsusdur.

Rizvan Sədirxanov İtaliyada Musiqi akademiyasında təhsil alıb. Akademiyanı bitirdikdən sonra müxtəlif ölkələrdən olan məzunlar arasından seçilərək İtaliyada Benyamin Cili adına nüfuzlu tenorlar müsabiqəsində iştirak etmək hüququ qazanıb. İtaliya, Rusiya, Türkiyə və İsraildə konsertləri, iri miqyaslı digər musiqi tədbirlərində çıxışları, ustad dərsləri baş tutub.

Qeyd edək ki, “APA Holding” layihənin informasiya dəstəkçisidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR