Bu il ərzində Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə sahibkarlara 140 mln. manata yaxın güzəştli kredit verilib

Bu il ərzində Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə sahibkarlara 140 mln. manata yaxın güzəştli kredit verilib
# 10 sentyabr 2015 12:09 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu gün Lənkəran rayonunun Yuxarı Nüvədi kəndində “Sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələləri”nə dair növbəti işgüzar forum keçirilib.

İqtisadiyyat və Sənaye Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) təşkilatçılığı ilə keçirilən tədbirdə 80-ə yaxın sahibkara güzəştli kreditlərin alınması mexanizmi barədə ətraflı məlumat verilib, reallaşdırılması məqsədəuyğun hesab olunan nümunəvi layihələr təqdim olunub, sahibkarlara güzəştli kreditlər verilib.

Forumda Lənkəran və ətraf rayonlarda ixtisaslaşdırılmış “yaşıl market”in, müasir suvarma sistemlərinin tətbiqi ilə tərəvəzçilik, çayçılıq və intensiv bağçılıq və heyvandarlıq təsərrüfatlarının, dekorativ üzlük daşların, plastik qabların istehsalı və meyvəqurutma müəssisələrinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, sahibkarlara nümunəvi investisiya layihələri və metodiki materiallar sahibkarlara təqdim edilib.

Forumda çıxış edən SKMF-nin icraçı direktoru Şirzad Abdullayev 2015-ci ilin ötən dövründə ölkə üzrə 3960-dək sahibkara 139,4 mln. manat (bu gün keçirilən tədbirdə verilən kreditlər də daxil olmaqla) güzəştli kredit verildiyini, reallaşdırılan layihələrin 8600-dən çox yeni iş yerinin yaradılmasına imkan verdiyini diqqətə çatdırıb.

Ümumilikdə, indiyədək Lənkəran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 2600-dən çox investisiya layihəsinin maliyyələşdirilməsinə 103,4 mln. manat güzəştli kredit verilib. Verilmiş güzəştli kreditlər hesabına reallaşdırılan layihələrin icrası 11000-dən çox yeni iş yerinin açılmasına imkan yaradır. Bu kreditlərin 25,4 mln. manatı Lənkəranın payına düşür.

Tədbir çərçivəsində Lənkəran və ətraf rayonlardan olan 66 sahibkara 1,2 mln. manat güzəştli kredit verilib.

Forum çərçivəsində dövlətin güzəştli kreditlərindən istifadə edilməklə yaradılan Lənkəran şəhərində meyvə-tərəvəz emalı və Digah kəndində olan çörək zavodlarının fəaliyyətinə baxış keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR