Ötən ay 3 minədək "Yaşıl kart" müqaviləsi bağlanılıb

Ötən ay 3 minədək "Yaşıl kart" müqaviləsi bağlanılıb
# 01 dekabr 2017 09:28 (UTC +04:00)

2017-ci ilin noyabr ayı ərzində "Yaşıl kart" sistemi çərçivəsində fəaliyyət göstərmək hüququ olan sığortaçılar tərəfindən 2674 "Yaşıl kart" beynəlxalq sığorta müqaviləsi bağlanılıb.

İcbari Sığorta Bürosundan (İSB) "APA-Economics"ə verilən məlumata görə, bunlardan 1352 müqavilə Türkiyə və İrana, 1278 müqavilə Rusiya, Moldova və Ukraynaya, 44 müqavilə isə "Yaşıl kart" sisteminə daxil olan bütün ölkələrə (Belarus və İsrail istisna olmaqla) səfər edən avtonəqliyyat vasitələri ilə bağlı olub.

Hesabat dövründə beynəlxalq sığorta müqavilələri üzrə sığorta şirkətləri tərəfindən toplanmış sığorta haqları 184,240 min manat təşkil edib. "Yaşıl kart" müqavilələrinin 2063 minik, 309 yük, 281 qoşqu, 20 avtobus və 1 motosiklet kateqoriyası üzrə olan nəqliyyat vasitələri ilə bağlı olub.

Hazırda "Yaşıl kart" sığorta növü üzrə İSB-nin iştirakçıları olan 13 sığorta şirkəti fəaliyyət göstərir.

"Yaşıl kart" beynəlxalq sığorta sistemi - avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin sığortası şəhadətnaməsinin bu sistemin iştirakçıları, yəni üzv ölkələr arasında qarşılıqlı tanınması haqqında Sazişdir. Bu sistemə əsasən "Yaşıl kart" haqqında Sazişin iştirakçıları olan dövlətlərin hər hansı biri tərəfindən verilmiş avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin sığorta şəhadətnaməsi həmin Sazişin iştirakçısı olan digər dövlətlərin ərazisində etibarlı sayılır. Hal-hazırda sistemə 48 ölkə üzvdür.

Azərbaycan 2015-ci il 28 may tarixində sistemə üzv ölkə qismində qəbul edilib və 2016-cı ilin 1 yanvar tarixindən etibarən sistem çərçivəsində fəaliyyət göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR