Rusiyalı ekspertlər: "Moskva ilə Ankaranı üz-üzə qoymaq istəyirlər"

Rusiyalı ekspertlər: "Moskva ilə Ankaranı üz-üzə qoymaq istəyirlər"
# 19 dekabr 2016 20:52 (UTC +04:00)

"Ankarada Rusiya səfirini öldürməklə Moskva və Ankaranı üz-üzə qoymaq istəyirlər".

Bunu APA-nın Moskva müxbirinə açıqlamasında Rusiya Elmlər Akademiyasının Beynəlxalq münasibətlər və dünya iqtisadiyyatı İnstitutun elmi əməkdaşı, siyasi ekspert Viktor Nadeyin Rayevski bildirib. Onun sözlərinə görə, təyyarə böhranından sonra iki ölkə arasında problemin həll olunması, Suriya münaqişəsi ilə bağlı birgə səylər kimisə bərk qıcıqlandırırdı: "Əlbəttə ki, bu sui-qəsdin sifarişçiləri Rusiya-Türkiyə yaxınlaşmasını, Suriya ilə bağlı əldə olunan razılaşmanı istəməyənlərdir. Nəzərə alaq ki, sabah Moskvada Rusiya, Türkiyə və İran müdafiə və xarici işlər nazirlərinin görüşləri planlaşdırılıb. Nazirlər Suriya problemini müzakirə edəcəklər. Ona görə də, bu görüşü, ümumiyyətlə Moskva-Ankara yaxınlaşmasını istəməyənlər Türkiyədəki Rusiya səfirinin simasında belə bir fiqur seçdilər".

"Bu müasir Rusiya tarixində presedenti olmayan bir hadisədir ki, Rusiya səfirini qətlə yetirsinlər. Biz tarixdə çox belə hadisələr görmüşük. Lakin həmin hadisələr hansısa münaqişə və ya müharibə çərçivəsində baş verib". Bunu isə APA-ya açıqlamasında Rusiya Federasiya Şurasının üzvü Frants Klintseviç bildirib. O, bu aksiyanı planlaşdıranların, kombinasiyanı quranların məqsədinin Moskva və Ankara arasındakı münasibətlərə zərbə vurmaq olduğunu söyləyib: "Bu Rusiyaya yüksək səviyyədə çağırışdır. Əgər biz bundan nəticə çıxarmasaq, hələ çox belə pis niyyətli hadisələrin şahidi olacağıq. Beynəlxalq terrorçuluqla tək mübarizə aparmaq çox çətindir. Ona görə də səyləri birləşdirib bu şər qüvvəyə qarşı birgə mübarizə aparmaq lazımdır".

Digər rusiyalı siyasi ekspert Yelena Suponina isə baş verən hadisənin Moskva-Ankara münasibətlərinə pis təsir etməməli olduğunu söyləyib: "Əksinə münasibətlər daha da yaxşılaşmalıdır. Münasibətlər korlansa, bu terrorçuların və onları dəstəkləyənlərin əlinə oynayacaq. Elə etmək lazımdır ki, terrorçular və onları dəstəkləyənlər məqsədlərinə çatmasınlar".

Rusiya Xarici İşlər Nazirliyi Diplomatiya Akademiyasının kafedra müdiri Aslanbek Mozloyev bu terror aktının törədənlərin məqsədinin çoxplanlı olduğunu söyləyib: "Birinci məqsəd Moskva-Ankara münasibətlərinin normallaşmasına imkan verməmək. İkincisi, Suriya vəziyyətin normallaşması ilə bağlı atılan addımların həyata keçirilməsinə imkan verməmək. Sabaha planlaşdırılan Suriya ilə bağlı Rusiya- Türkiy- İran məsləhətləşmələrini pozmaq. Üçüncüsü, iki ölkə arasında bütün səviyyədə münasibətlərə zərbə vurmaq. Əminəm ki, bu, bir nəfərin həyata keçirdiyi aksiya deyil. Onun arxasında ciddi sui-qəsd planı dayanır". A. Mozloyev baş verən hadisənin Moskva-Ankara münasibətlərinə necə təsir edəcəyi ilə bağlı sualı da cavablandırıb: "Əgər biz bu hadisəyə emosional yanaşmasaq, hisslərimizi cilovlaya bilsək, o zaman münasibətlərdə daha da irəli gedəcəyik".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR