Moskvada MDB İqtisadi Şurasının iclası keçirilib - FOTO

Moskvada MDB İqtisadi Şurasının iclası keçirilib - <span style="color: red;">FOTO
# 11 sentyabr 2015 15:36 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. Rusiya paytaxtında Müstəqil Dövlətlər Birliyinin (MDB) İqtisadi Şurasının 67-ci iclası keçirilib.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, iclasda MDB ölkələrinin iqtisadi sahədə qarşılıqlı əməkdaşlığına dair 20 məsələyə baxılıb.

Müzakirələr zamanı İqtisadi İnkişaf Strategiyasının üçüncü mərhələsinin (2016-2020-ci illər) həyata keçirilməsi üzrə Tədbirlər Planı, regionlararası əməkdaşlıq haqqında Konvensiya və digər məsələlərə toxunulub.

İclas iştirakçıları azad ticarət zonası haqqında müqavilənin icrası, malların mənşəyi olan ölkənin müəyyən edilməsi qaydaları haqqında sazişə dəyişikliklərin və əlavələrin edilməsi, habelə Böyük Vətən müharibəsi iştirakçıları və əlilləri, başqa dövlətlərin ərazilərində döyüş əməliyyatlarının iştirakçıları, həlak olan hərbi qulluqçuların ailələri, lokal münaqişələrin veteranları və onların ailə üzvləri üçün imtiyaz və təminatların qarşılıqlı surətdə tanınması barəsində sazişə dəyişiklik və əlavələrin edilməsi haqqında protokol layihələri barədə məlumatları dinləyiblər.

İqtisadi Şuranın üzvlərinə MDB-nin Elektroenergetika Şurasının, Vergi Xidmətləri Rəhbərlərinin Əlaqələndirmə Şurasının, inşaat fəaliyyəti sahəsində əməkdaşlıq üzrə Hökumətlərarası Şuranın, habelə Qiymətli Kağızlar Bazarlarının Tənzimləyici Dövlət Orqanları Rəhbərləri Şurasının fəaliyyəti barədə hesabatlar təqdim olunub.

İclasda “MEİ” Milli Tədqiqat Universitetinə elektroenergetika sahəsində kadrların hazırlığı, təkrar peşə hazırlığı və ixtisasartırma üzrə baza təşkilatı statusunun verilməsi, habelə İ.M.Qubkin adına Rusiya Dövlət Neft və Qaz Universiteti bazasında Beynəlxalq tədris mərkəzinin yaradılması haqqında məsələlər də nəzərdən keçirilib. Bundan əlavə bir sıra büdcə-maliyyə və təşkilati məsələləri müzakirə olunub.

Müzakirə olunan və düzəliş edilən layihələr baxılması üçün MDB ölkələrinin hökumət başçılarına təqdim olunacaq.

Qeyd edək ki, MDB İqtisadi Şurasının iclasında təşkilata üzv ölkələr baş nazirin müavini səviyyəsində təmsil olunub. İclasda Azərbaycanı baş nazirin birinci müavini Yaqub Eyyubov təmsil edib. Ukrayna tərəfi isə MDB ölkələri İqtisadi Şurasının 67-ci iclasında səfirliyin əməkdaşı səviyyəsində təmsil olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR