Mustafa Akıncı Kiprin birləşdirilməsi ilə bağlı referendumun tarixindən danışıb

Mustafa Akıncı Kiprin birləşdirilməsi ilə bağlı referendumun tarixindən danışıb
# 27 dekabr 2016 20:35 (UTC +04:00)

Danışıqlar plan üzrə davam edərsə Kiprin birləşdirilməsi ilə bağlı referendum 2017-ci ilin yayında keçirilə bilər. APA-nın “Frans Press”ə istinadən verdiyi xəbərə görə, bu barədə Şimali Kipr Türk Cümhuriyyətinin rəhbəri Mustafa Akıncı Nikosiyada jurnalistlərə bildirib.

“Əgər hər şey yaxşı gedərsə, referendumun keçirilməsi yay aylarında gündəmə gətirilə bilər”, - deyə o bildirib. Onun sözlərinə görə, Kipr nizamlanması üzrə danışıqlar zamanı tərəflər mülkiyyət, təhlükəsizlik və torpağa dair 8-10 daha həssas məsələ də daxil olmaqla, 100-dək məsələni həll etməlidir.

Qeyd edək ki, Kipr danışıqlarının yeni raundunun 2017-ci ilin 9-11 yanvar tarixlərində İsveçrədə keçirilməsi nəzərdə tutulub. Kiprin yunan və türk icmalarının liderləri Nikos Anastasiadis və Mustafa Akıncı arasında görüş BMT-nin Cenevrə bölməsində keçiriləcək.

Danışıqların birinci raundu 7-11 noyabr tarixlərində İsveçrənin Mon-Polerin şəhərində, ikinci raundu isə 20-22 noyabr tarixlərində keçirilib.

Səylərə baxmayaraq, danışıqlar zamanı ərazi məsələsinə dair razılaşmaya nail olmaq mümkün olmayıb. Növbəti danışıqlar raundunun yekunlarına dair yanvarın 12-də konfransın keçirilməsi nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR