Tbilisidə Aİ ilə əməkdaşlıq sahəsində parlamentlərin rolu müzakirə olunur

Tbilisidə Aİ ilə əməkdaşlıq sahəsində parlamentlərin rolu müzakirə olunur
# 04 dekabr 2017 07:29 (UTC +04:00)

Gürcüstanın paytaxtı Tbilisi şəhərində “Avropa İttifaqı və tərəfdaşları: daha güclü birlik naminə müxtəlifliyin əhatə olunması” mövzusunda beynəlxalq parlament konfransı keçirilir.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbirdə Avropa İttifaqına üzv ölkələr arasında əməkdaşlığın inkişafı, inteqrasiya proseslərinin gücləndirilməsi, bu sahədə parlamentlərin rolu məsələləri müzakirə olunur.

Konfransda Avropa Parlamentinin nümayəndələri, Aİ-nin “Şərq tərəfdaşlığı” proqramının üzv ölkələri - Gürcüstan, Azərbaycan, Belarus, Moldova, Ermənistan və Ukrayna parlamentlərinin komitə sədrləri və digər rəsmi şəxslər iştirak edir.

Azərbaycanı tədbirdə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov təmsil edir.

Tədbirdə çıxış edən Gürcüstan parlamentinin Avrointeqrasiya üzrə komitəsinin sədri Tamar Xulordava konfransın keçirilməsinin əhəmiyyətindən danışıb. O bildirib ki, tədbir Avropa İttifaqının tərəfdaşları ilə hazırkı və gələcək əməkdaşlıq məsələlərini müzakirə etməyə imkan verəcək.

Gürcüstan parlamentinin sədri İrakli Kobaxidze ölkənin Avropa İttifaqına inteqrasiyası istiqamətində son illər həyata keçirilmiş islahatlardan söz açıb. O qeyd edib ki, Gürcüstanın Aİ və onun üzvləri ilə əməkdaşlığı genişlənir və bu istiqamətdə bir sıra sənədlər imzalanıb.

Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili çıxışında Aİ-yə inteqrasiya üçün qarşılıqlı və çoxtərəfli əməkdaşlığın vacib olduğunu deyib. O, “Şərq tərəfdaşlığı” sammitinin Gürcüstan üçün uğurlu keçdiyini və Aİ tərəfindən daha aydın dəstəyin nümayiş etdirildiyini vurğulayıb.

Gürcüstanın xarici işlər naziri Mixeil Canelidze öz növbəsində “Şərq tərəfdaşlığı” sammitində qəbul olunmuş sənədin proqrama üzv ölkələrə praktiki bəhrələr gətirəcəyinə ümidvar olduğunu söyləyib.

Beynəxlalq konfrans müxtəlif panellərdə müzakirələr səviyyəsində davam etdiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR