BSU-da beynəlxalq konfrans keçirilib

BSU-da beynəlxalq konfrans keçirilib
# 03 mart 2017 09:15 (UTC +04:00)

Bakı Slavyan Universitetində (BSU) “Alman dili və ədəbiyyatı ilə bağlı multukultural və transkultural tədqiqatlar” mövzusunda beynəlxalq konfrans keçirilib.

BSU-nun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, BSU-nun Germanistika İnstitutunun təşkilatçılığı ilə baş tutan konfransda Almaniyanın Osvald fon Volkenştayn cəmiyyətinin prezidenti, Vürsburq Universitetinin professoru Ziqlinde Hartman çıxış edib.

O, Germanistika İnstitutunun BSU-da yeni yaranmasına baxmayaraq, böyük uğurlara imza atdığını bildirib, BSU tələblərinin alman dilinə olan marağını yüksək dəyərləndirib.

BSU rektoru, professor Nurlana Əliyeva isə bildirib ki, multikultural dəyərlərin önündə təhsil və elm gəlir: “Düşünürəm ki, belə konfranslar gənclərimizin elm və təhsil sahəsində beynəlxalq aləmə inteqrasiyasında böyük rol oynayacaq. Elm və təhsil dünyanın mütərəqqi hissəsinin bir araya gəlməsinə zəmin yaradır. Dildən yaxşı ünsiyyət vasitəsi ola bilməz. BSU-da gənclərin alman dili və ədəbiyyatını dərindən mənimsəmələri xalqlarımızın bir-birinə yaxınlaşmasının başlıca şərtidir”.

Almaniyanın Azərbaycandakı səfirliyinin nümayəndəsi xanım Tereza Şönfeld isə qeyd edib ki, yaxın günlərdə səfirlik tərəfindən almanların Almaniyadan Azərbaycana köçürülməsinin 200 illiyi münasibəti ilə böyük konfrans keçiriləcək. Səfirlik nümayəndəsi həmin köçkünlərin Şillerin, Hötenin dilini Azərbaycana gətirdiyini, alman mədəniyyətinin, adət-ənənələrinin burada inkişafına rəvac verdiyini bildirib. T. Şönfeld alman dilinin təkcə şeir sənət dili olmadığını, bu dilin həm də dünya iqtisadiyyatının dili olduğunu bildirib.

Konfransda həmçinin Türkiyənin Marmara Universitetinin professoru İclal Cankorel, Alman Akademik Mübadilə Xidmətinin (DAAD) Bakı ofisinin rəhbəri Stephanie Dufaux, professor Vilayət Hacıyev və BSU Germanistika İnstitutunun direktoru Sevinc Rzayeva çıxış ediblər.

Konfrans iki gün davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR