Fəxri xiyabanda Rəşid Behbudovun məzarı ziyarət olunub

Fəxri xiyabanda Rəşid Behbudovun məzarı ziyarət olunub
# 14 dekabr 2015 10:45 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Azərbaycanın və SSRİ-nin xalq artisti Rəşid Behbudovun 100 ollik yubileyi münasibətilə Fəxri xiyabanda sənətkarın məzarı ziyarət olunub.

APA-nın məlumatına görə, anım mərasimində mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev, Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə, Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrının kollektivi, sənətkarın ailə üzvləri, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.

Ə. Vəliyev R. Behbudovun Azərbaycan musiqisi tarixində, kino sənətində rolundan söz açıb, mədəniyyətimizə verdiyi töhfələrdən danışıb: “Gələn il Bakıda Rəşid Behbudovun heykəli qoyulacaq və biz 100 illik yubiley tədbirini də heykəlin açılışı ərəfəsində etməyi düşünürük. Böyük sənətkarın yubileyi silsilə tədbirlərlə həm Bakıda, həm də ölkə xaricindəki müxtəlif şəhərlərdə qeyd olunacaq. Yubileylə bağlı olaraq Rəşid Behbudovun disklərinin buraxılması, albomunun nəşri, həyat və yaradıcılığına həsr olunmuş sənədli filmin çəkilişi planlaşdırılır”.

Bəstəkar İttifaqının sədri, xalq artisti Firəngiz Əlizadə R. Behbudovun yaradıcılıq yolundan, Azərbaycan musiqisini dünyada təbliğ etməsindən söz açıb.

Sənətkarın həyat yoldaşı Ceyran Behbudova, qızı Rəşidə Behbudova anım mərasiminə gələnlərə təşəkkürünü bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR