Bakıda Holokost qurbanlarının anım gününə həsr edilən tədbir keçirilib

Bakıda Holokost qurbanlarının anım gününə həsr edilən tədbir keçirilib
# 27 yanvar 2016 17:05 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Bakıda Aşkinazi Sinaqoqunda Holokost faciəsinin BMT tərəfindən elan edilmiş beynəlxalq anım günü ilə bağlı mərasim təşkil edilib.

APA-nın məlumatına görə, tədbirdə çıxış edən Bakıdakı Avropa Yəhudiləri icmasının rəhbəri Gennadi Zelmanoviç Holokostun 20 əsrin ortalarında nasistlərin planlı şəkildə yəhudiləri qırmaq siyasəti olduğunu bildirib. O, həmin vaxt ümumilikdə 6 milyon yəhudinin qətlə yetirildiyini bildirib.

G.Zelmanoviç eyni hadisələrin 20-ci əsrin sonlarında Xocalıda azərbaycanlılara qarşı törədildiyini bildirib: "Həmin gün insanlar həqiqətən faciə yaşayıb. Təəsüf ki, dünya ictimaiyyəti ermənilərin azərbaycanlılara qarşı təcavüzünü təsdiq etməyib. Ancaq tarix göstərir ki, şər mütləq cəzasını alacaq".

Daha sonra tədbirdə multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri Kamal Abdullayev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Hacı Fuad Nurullayev, pravoslav, katolik kilsələrinin və yəhudi sinaqoqunun Azərbaycandakı nümayəndələri Holokost qurbanlarının xatirəsinə ehtiram olaraq şam yandırıb.

Tədbirdə çıxış edən dövlət müşaviri Kamal Abdullayev 20-ci əsrin ortalarında 6 milyon insanın dini və milli mənsubiyyətinə görə qətlə yetirilməsinin insanları həmişə dəhşətə gətirəcəyini bildirib: "Biz yəhudi xalqının dərdinə, yəhudi həmvətənlilərimizin dərdinə şərikik. Faciənin böyük və kiçiyi olmur. Belə bir faciə 20 əsrin ortalarında azərbaycanlıların başına gətirilib. Biz Xocalını anarkən yəhudiləri həmişə yanımızda görürük. Eyni zamanda Holokostu anarkən biz yəhudilərin yanındayıq".

Tədbirdə çıxış edən İsrailin Azərbaycandakı səfiri Dan Stav yəhudilərin yaşadığı faciə barədə tədbir iştirakçılarını məlumatlandırıb. Tədbirdə Azərbaycanda yaşayan yəhudilərlə yanaşı xarici ölkələrin Azərbaycanda akkreditə olunmuş diplomatik nümayəndəliklərinin rəhbər və üzvləri də iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR