Dini konfessiyaların rəhbərləri prezident İlham Əliyevə minnətdarlıq məktubu ünvanlayıblar

Dini konfessiyaların rəhbərləri prezident İlham Əliyevə minnətdarlıq məktubu ünvanlayıblar
# 18 iyul 2016 15:10 (UTC +04:00)

Bakı-APA. Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların rəhbərləri prezidenti İlham Əliyevə minnətdarlıq məktubu ünvanlayıblar.

APA-nın xəbərinə görə, məktubda deyilir: "Multikultural ənənələrin və dinlərarası münasibətlərin inkişafına, dini qurumların problemlərinə həssas münasibətinizə və özəl qayğınıza görə Sizə minnətdarlığımızı bildiririk. Bu gün dinindən, dilindən, milli mənsubiyyətindən asılı olmayaraq, Azərbaycanın bütün vətəndaşları ölkəmizdə mövcud olan vicdan və dini etiqad azadlığından, dövlət-din münasibətlərindən və demokratik-hüquqi şəraitdən lazımınca yararlanırlar. Azərbaycanda müsəlmanlarla yanaşı, pravoslav, katolik, yəhudi, alban-udi və digər dini icmalar da milli-mənəvi dəyərlərdən sərbəst istifadə edir, ölkəmizin ictimai həyatında yaxından iştirak edirlər.

Bu gün ümummilli lider Heydər Əliyevin banisi olduğu müstəqil və demokratik Azərbaycan Respublikası beynəlxalq aləmlə hərtərəfli inteqrasiya siyasəti həyata keçirir, nüfuzlu beynəlxalq və regional təşkilatlarda təmsil olunur. MDB müsəlmanları Məşvərət Şurasının, Qafqaz xalqları Ali Dini Şurasının iclasları, Dünya Dini liderlərinin beynəlxalq Sammiti Bakıda keçirilir və dinlərarası dialoqu, multikulturalizmi, sivilizasiyalararası əməkdaşlığı təcəssüm etdirir.

Möhtərəm prezident, bu müraciəti imzalayanlar şəxsən Sizinlə görüşlərin dərin təəssüratını, özəlliklə son Ramazan iftarı zamanı çıxışınızdakı səmimi ünsiyyəti heç vaxt unutmayacaqlar. Siz həmişə dini icmaların problemlərinə diqqətlə yanaşmış, bizə maddi və mənəvi dəstək olmusunuz.

Ümid edirik ki, Qarabağ problemi tezliklə beynəlxalq hüququn normaları çərçivəsində sülh yolu ilə öz həllini tapacaq, Uca Yaradanın köməyi və Sizin rəhbərliyinizlə Azərbaycan xalqı dünya miqyasında daha böyük uğurlara imza atacaq, haqqın qalibiyyəti Zati-alinizlə olacaq. Bu, bizim ümidimiz və Sizə ünvanlanan dualarımızdır".

Məktubu Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə, Bakı və Azərbaycanın arxiyepiskopu Aleksandr, Roma Katolik Kilsəsinin Azərbaycandakı apostolprefekturasının ordinarisi Vladimir Fekete,

Azərbaycandakı Dağ yəhudiləri icmasının rəhbəri Milix Yevdayev, Avropa yəhudilərinin Bakı icmasının sədri Gennadi Zelmanoviç imzalayıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR