"Azercell"in dəstəyi ilə II Uşaq Paralimpiya İdman Oyunları keçiriləcək

"Azercell"in dəstəyi ilə II Uşaq Paralimpiya İdman Oyunları keçiriləcək
# 27 aprel 2016 10:28 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Bu ilin noyabr ayında Milli Paralimpiya Komitəsi və “Azercell” şirkətinin birgə təşkilatçılığı ilə II Uşaq Paralimpiya İdman Oyunları keçiriləcək.

Mobil operatordan “APA-Economics”ə verilən məlumata görə, budəfəki yarışlarda gənclərə əlavə 2 idman növü üzrə də mübarizə aparmaq imkanı yaradılıb. Belə ki, ötən il keçirilən I Uşaq Paralimpiya İdman Oyunlarında yeniyetmələr cüdo, boccia, tennis və üzgüçülük idman növləri üzrə güclərini sınayıb.

Milli Paralimpiya Komitəsinin birinci vitse-prezidenti Natiq Qasımovun sözlərinə görə, Uşaq Paralimpiya Komitəsi bu ildən etibarən görmə qabiliyyəti zəif olan idmançılar üçün qolbol idman növünü də yarışlara əlavə edib: “Bununla yanaşı, əlil arabasında rəqs idman növü də yarışlar siyahısına əlavə edilib. Gənc idmançıların bu yeni idman yarışlarına cəlb olunması istiqamətində artıq Uşaq Paralimpiya Komitəsi işlərə başlayıb. 50-ə yaxın idmançını öz ətrafında birləşdirən Komitə bu ilin sonuna qədər maraqlı işləri və yeni layihələri ilə idmançıları sevindirəcək”, – deyə N.Qasımov qeyd edib.

Məlumat üçün bildirək ki, 2014-cü ildən “Azercell” şirkətinin dəstəyilə fəaliyyət göstərən Uşaq Paralimpiya Komitəsində ölkəmizin müxtəlif ərazilərindən uşaqlar və gənclər toplaşıb. Komitədə 50-dək uşaq idmanla məşğul olmaq, müxtəlif beynəlxalq yarışlarda Azərbaycanı təmsil etmək imkanı qazanıb.

Ötən il Uşaq Paralimpiya İdman Oyunlarına hazırlıq çərçivəsində Paralimpiya üzrə idman ustaları – I Avropa Oyunlarının əfsanələri İlham Zəkiyev, Səbinə Abdullayeva, Zakir Müslümov və digərləri “Azercell” şirkətində qonaq olaraq şirkət əməkdaşları ilə görüşüblər. Onu da qeyd edək ki, “Azercell” Telekomun Uşaq Paralimpiya Komitəsinə dəstəyi Amerika Ticarət Palatasının Azərbaycandakı nümayəndəliyi (AmCham) tərəfindən də qiymətləndirilərək xüsusi mükafata layiq görülüb.

“Azercell” Azərbaycanda fəaliyyət göstərdiyi 19 il ərzində daim kimsəsiz, müxtəlif problemləri olan uşaqların hərtərəfli dəstəklənməsi, sağlamlığının qorunması, onların keyfiyyətli təhsil alması, sağlam həyat tərzi keçirməsi naminə çalışıb. “Azercell” bundan sonra da Uşaq Paralimpiya Komitəsinin fəaliyyətini dəstəkləyərək yeniyetmələrin cəmiyyətə inteqrasiyasını və idmana olan həvəslərini artırmaq üçün köməyini əsirgəməyəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR