Bakı. Fərid Mirzəyev - APA. Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunda “Kitabi Dədə Qorqud” dastanının elmə bəlli olmasının 200 illik yubileyinə həsr olunmuş Elmi Sessiya keçirilib. İnstitutun mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, konfrans prezident İlham Əliyevin 9 aprel 2013-cü il tarixli “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”na əsasən keçirilib.
Tədbiri giriş sözü ilə Nəsimi adına Dilçilik İnstitutunun direktoru AMEA-nın müxbir üzvü, professor Möhsün Nağısoylu açıb. O çıxışında “Kitabi Dədə Qorqud” dastanının haqda tədbir iştirakçılarına məlumat verib: “Dədə Qorqud haqqında Azərbaycan ədəbiyyatında Həmid Araslı, dilçilikdə Əbdüləzəl Dəmirçizadə məşğul olub”.
M. Nağısoylu qeyd edib ki, Dədə Qorqud 1815-ci ildən tədqiq olunmağa başlayıb: “Dədə Qorqudun hər sətrini dönə-dönə oxumaq lazımdır”.
Tədbirdə professorlar Sevil Mehdiyeva, İsmayıl Məmmədov, Əzizxan Tanrıverdi, filologiya üzrə fəlsəfə doktorları Vahid Zahidoğlu , İslam Sadiq çıxış ediblər.