AFFA FİFA hakimlərini cəzalandırıb

AFFA FİFA hakimlərini cəzalandırıb
# 15 fevral 2016 09:11 (UTC +04:00)

Bakı – APA. Topaz Premyer Liqasında idarəçilik edən daha 3 hakim cəzalandırılıb. Apasport.az saytının əldə etdiyi məlumata görə, Orxan Məmmədovun ardınca, Fariz Yusifov, Rauf Cabbarov və Əliyar Ağayev də Hakimlər Komitəsinin (HK) cəzasına məruz qalıb.

Buna həmin referilərin XIX turun görüşlərində səhvlər buraxması səbəb olub. Konkret olaraq, HK Fariz Yusifovun “Kəpəz” – “Qəbələ” (3:0), Rauf Cabbarovun “Zirə” – “İnter” (2:1), Əliyar Ağayevin isə “Neftçi” – “Sumqayıt” (1:0) görüşündəki idarəçiliyindən razı qalmayıb.

Yusifov, Cabbarov, eləcə də Ağayevin XX və XXI, yəni son 2 turda təyinat almamağı məhz bununla əlaqədardı. Ən azı 3 turluq cəzalandırılan hakimlər XXII turda da Premyer Liqada idarəçilik etməyəcəklər.

İkisi FİFA referisi olmaqla, ümumilikdə 4 nəfərin cəzalandırılması gənc hakimlərin “işinə yarayıb”. Məsələ burasındadı ki, çempionatın ilk 2 dövrəsində cəmi 9 oyun idarə edən Ömər Paşayev son 3 turda ardıcıl təyinat alıb.

I və II dövrələrdə, ümumilikdə 6 dəfə meydana çıxan İnqilab Məmmədov XX turda “Qarabağ” – “Xəzər Lənkəran” matçında ədaləti qoruyub, bu gün isə eyni missiyanı “Zirə” – “Rəvan” qarşılaşmasında yerinə yetirəcək.

Eyni sözləri Rəvan Həmzəzadəyə aid etmək olar. Gənc hakim çempionatın birinci yarısında cəmi 4 dəfə təyinat alsa da, son 2 turun üzdə olan simasıdı. Təsadüfi deyil ki, Həmzəzadə XX turda “Kəpəz” – AZAL, XXI turda isə “Qəbələ” – “Sumqayıt” matçlarını idarə edib.

Qeyd edək ki, Topaz Premyer Liqasının cari mövsümündə hələlik ən çox (19) oyun idarə edən hakim Rəhim Həsənovdu.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR