Əbülfəs Qarayev: “İSESCO-nun Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi həmişə aydın və birmənalı olub”

Əbülfəs Qarayev: “İSESCO-nun Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi həmişə aydın və birmənalı olub”
# 23 noyabr 2015 07:35 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. “İSESCO-nun Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi həmişə aydın və birmənalı olub”.


APA-ın xəbərinə görə, bunu Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev İSESCO İcraiyyə Şurasının Bakıda keçirilən 36-cı sessiyasında deyib. O, üzv dövlətlərin bu məsələdə vahid mövqedən çıxış etdikləri üçün onlara Azərbaycan dövləti adından təşəkkür edib.


2006-cı ildən etibarən İSESCO xətti ilə Azərbaycanda çoxlu sayda və yüksək səviyyədə tədbirlər keçirildiyini diqqətə çatdıran nazir Bakı və Naxçıvan şəhərlərinin İslam mədəniyyətinin paytaxtı elan edilməsi ilə əlaqədar da minnətdarlığını bildirib.

Ə. Qarayev qeyd edib ki, gələn ilin aprelində Bakıda BMT-nin Sivilizasiyalararası Alyansının 7-ci qlobal forumu keçiriləcək. O, İSESCO-nun forumda yüksək səviyyədə iştirak edəcəyini ümidvar olduğunu söyləyib.

Nazir qeyd edib ki, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın İSESCO-nun xoşməramlı səfiri elan olunması və fəaliyyəti Azərbaycan və İSESCO arasında mövcud əməkdaşlığın yüksək səviyyəsinin sübutudur: "Bakı prosesi çərçivəsində keçirilən silsilə tədbirlər artıq İslam dünyasının mədəni, elm, təhsil səviyyəsini dünya miqyasında sübut etməyə imkan verir".

Ə. Qarayev 2017-ci ildə Bakıda keçirilməsi planlaşdırılan İslam Həmrəyliyi Oyunlarının İslam ümmətinin gələcəyi, sağlamlığı naminə mühüm tədbir olacağını vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR