Jurnalistlər ADNSU-da imtahan sessiyasının gedişi ilə tanış olublar

Jurnalistlər ADNSU-da imtahan sessiyasının gedişi ilə tanış olublar
# 07 yanvar 2016 11:49 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Bu gün Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə (ADNSU) imtahan sessiyasının gedişi ilə tanış olmaq üçün mediatur keçirilib. APA-nın xəbərinə görə, mediatur Təhsil Nazirliyinin təşkilatçılığı ilə baş tutub.

Universitetin İnformasiya Kommunikasiya Texnologiyaları Mərkəzinin (İKTM) rəisi, dosent Osman Mirzəyev bildirib ki, universitetdə 2015-2016-cı tədris ilinin payız semestrinin imtahan sessiyasının mövcud qaydalara uyğun təşkili, tələbələrin biliyinin qiymətləndirilməsində obyektivliyin təmin edilməsi məqsədilə müvafiq işlər görülüb.

O. Mirzəyev əlavə edib ki, valideynlər şəxsiyyət vəsiqələrini təqdim etməklə imtahan prosesini izləyə bilərlər.

Mərkəzin rəisi qeyd edib ki, universitetdə imtahanlara hazırlıq işlərinə ötən ilin dekabrın əvvəllərindən başlanılıb: “Qiyabi bölmə üzrə imtahanlar dekabrın 22-dən, əyani bölmə üzrə isə dekabrın 29-dan başlayıb. Eyni zamanda, imtahan mərkəzində 7 fakültənin və SABAH qruplarının imtahan verəcəyi auditoriyaların, eləcə də imtahana nəzarət edəcək müəllimlərin siyahısı müəyyənləşdirilib. Mərkəzdə hər bir fakültənin adı, qrupun, tələbənin imtahan verəcəyi fənn və otaq nömrəsi qeyd olunan qovluqlar hazırlanıb. Hər bir qovluğa imtahan verən qrup tələbələrinin sayına görə bilet və möhürlənmiş boş cavab vərəqləri yerləşdirilib.

Universitetin rektoru Mustafa Babanlı qeyd edib ki, imtahanlar yazılı qaydada təşkil olunur. Onun sözlərinə görə, test imtahanlarında tələbələr suallara əvvəlcədən hazırlaşır, bu zaman cavabları əzbərləyir: “Yəni bir növ test imtahanı tələbələrdə passivlik yaradır. Ona görə də biz yazılı imtahanları yenidən bərpa etmişik. Eyni zamanda, imtahan suallarını nisbətən sadələşdirmişik”.

Rektor qeyd edib ki, imtahan prosesi şəffaf şəkildə keçirilir.

Media nümayəndələri universitetin bir neçə auditoriyasında imtahan prosesini izləyiblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR