Şahin Mustafayev: “Azərbaycan-Fransa əlaqələri əməkdaşlığın inkişafına geniş imkanlar yaradır”

Şahin Mustafayev: “Azərbaycan-Fransa əlaqələri əməkdaşlığın inkişafına geniş imkanlar yaradır”
# 30 oktyabr 2015 15:24 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə – APA-Economics. İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Bakıda səfərdə olan Fransanın "Air Liquide" şirkətinin vitse-prezidenti Filip Kristodolu qəbul edib.

Nazirlikdən “APA-Economics”ə verilən xəbərə görə, görüşdə nazir Ş. Mustafayev Azərbaycan və Fransa arasında iqtisadi əlaqələrin genişləndiyini, Fransız şirkətlərinin Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrində uğurla fəaliyyət göstərdiyini qeyd edib.

Ölkəmizdə qeyri-neft sektorunun, o cümlədən sənayenin inkişafının prioritet istiqamətlərdən olduğunu vurğulayan Ş. Mustafayev "Air Liquide" şirkəti ilə əlaqələrin genişləndirilməsinə dair fikirlərini bölüşüb, əməkdaşlıq perspektivlərini diqqətə çatdırıb. Bildirilib ki, Azərbaycan və Fransa arasında əlaqələrin yüksək səviyyədə olması əməkdaşlığın daha da inkişafına geniş imkanlar yaradır.

"Air Liquide" şirkətinin vitse-prezidenti F. Kristodol təmsil etdiyi şirkətin fəaliyyəti barədə məlumat verərək şirkətin sənaye qazlarının istehsalı sahəsində ixtisaslaşdığını vurğulayıb. Bildirilib ki, dünyanın 80 ölkəsində fəaliyyət göstərən şirkət Azərbaycanla əməkdaşlığa, eləcə də ölkəmizdə yaradılan sənaye parklarına maraq göstərir. 2014-cü ildə Fransanın "Air Liquide" şirkəti ilə "Sumqayıt Kimya Sənaye Parkı" MMC arasında anlaşma memorandumu imzalanıb. Hazırda memorandumda nəzərdə tutulan istiqamətlər üzrə Sumqayıt Kimya Sənaye Parkı ilə əməkdaşlıq davam etdirilir. F. Kristodol şirkətin ölkəmiz ilə əlaqələrin genişləndirilməsində, o cümlədən Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun yenidən qurulması layihəsində iştirakda maraqlı olduğunu vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR