“Azəri-Çıraq-Günəşli” yataqlar blokunun əməliyyat və əsaslı məsrəf xərcləri azalıb

“Azəri-Çıraq-Günəşli” yataqlar blokunun əməliyyat və əsaslı məsrəf xərcləri azalıb
# 17 may 2018 11:19 (UTC +04:00)

Xəzər dənizin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun 2018-ci ilin birinci rübündə fəaliyyəti üzrə xərclənən əməliyyat və əsaslı məsrəf xərcləri açıqlanıb.

APA-Economics”in yataqlar blokunun operatoru “BP-Azerbaijan” şirkətinin hazırladığı hesabata əsasən bildirir ki, bu ilin 1-ci rübündə AÇG üzrə fəaliyyətlərə təqribən 102 mln. dollar əməliyyat məsrəfləri və 260 mln. dollar əsaslı məsrəflər xərclənib.

Belə ki, daha əvvəlki rüblə müqayisədə yatağın fəaliyyəti üçün əməliyyat məsrəfi 354 mln. dollar və ya 77,63% azalıb. Ötən ilin eyni dövrü ilə müqayisədə isə əməliyyat məsrəfləri 9 mln. dollar və ya 8,11% azalıb.

Daha əvvəlki rübün nəticələri ilə müqayisədə əsaslı məsrəf xərcləri 920 mln. dollar və ya 77,97% azalıb. Ötən ilin eyni dövrü ilə müqayisədə isə əsaslı məsrəf xərcləri 44 mln. dollar və ya 14,47% azalıb.

Qeyd edək ki, 2017-ci ildə AÇG layihəsinə 456 mln. dollardan artıq əməliyyat məsrəfləri və təqribən 1,18 mlrd. dollar əsaslı məsrəflər xərclənib. 2017-ci ilin birinci rübündə isə AÇG layihəsinə təqribən 111 mln. dollar əməliyyat məsrəfləri və 304 mln. dollar əsaslı məsrəflər xərclənib.

Qeyd edək ki, AÇG-də iştirak payları: BP (30,37%), SOCAR (25,0%), “Shevron” (9,57%), “İnpex” (9,31%), “Statoil” (7,27%), “ExxonMobil” (6,79%), TPAO (5,73%), “İtochu” (3,65%), “ONGC Videsh Limited” (OVL) (2,31%). AÇG üzrə Hasilatın Pay Bölgüsü haqqında Sazişin podratçı tərəfləri adından “BP Exploration (Caspian Sea) Limited” şirkəti operatordur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR