Azərbaycandakı mehmanxanaların qazancı: xidmət nömrədən 2 dəfə ucuzdur - ARAŞDIRMA

Azərbaycandakı mehmanxanaların qazancı: xidmət nömrədən 2 dəfə ucuzdur - <span style="color: red;">ARAŞDIRMA
# 16 aprel 2015 11:42 (UTC +04:00)

Bakı - APA-Economics. Ötən il Azərbaycanda mövcud olan 535 mehmanxana və mehmanxana tipli müəssisələrdə nömrələrin (otaqların) sayı 2013-cü illə müqayisədə 4,9% artaraq 17,363 min vahid, birdəfəlik tutum isə 5% artaraq 35,652 min çarpayı-yer olub.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, birdəfəlik tutumun 11,792 mini Bakı şəhərində yerləşən mehmanxanalarda, 23,860 mini isə ölkənin digər şəhər və rayonlarındakı mehmanxanalarda mövcuddur. Mehmanxanaların 5%-i dövlət, 95%-i isə qeyri-dövlət müəssisələridir.

2013-cü illə müqayisədə mehmanxana və mehmanxana tipli müəssisələrdə yerləşdirilmiş şəxslərin sayı 0,9% artaraq 672,3 min nəfər olub ki, onların da 58,4%-i xarici ölkə vətəndaşlarıdır. Yollayışla gələn turistlərin sayı 93 min nəfər olmaqla yerləşdirilmiş şəxslərin ümumi sayının 13,8%-ini təşkil edib. Ölkə mehmanxanalarının xidmətindən ölkəyə gələn xarici turistlərin 73,2%-i istifadə edib.

Bu dövrdə mehmanxanalarda keçirilən gecələmələrin sayı özündən əvvəlki illə müqayisədə 0,8% artaraq 1 mln. 687,5 min adam-gecə təşkil edib. Gecələmələrin 47,6%-i xarici ölkə vətəndaşlarının payına düşür. Ümumi gecələmələrin 64,1%-i Bakı şəhərində, qalanı isə digər rayonlarda (şəhərlərdə) qeydə alınıb.

Mehmanxana və mehmanxana tipli müəssisələrdə müvəqqəti yerləşmə xidmətindən istifadə edənlərin əsas hissəsi (81,9%-i) turizm məqsədilə səfər edənlər olub. Turistlərin 43,1% istirahət və əyləncə, 37,5%-i işgüzar, qalanları isə digər turizm məqsədilə səfər edib. İstirahət və əyləncə məqsədilə Bakı şəhəri, Naxçıvan MR, Xaçmaz, Quba, Şəki, Şamaxı, Masallı, Qəbələ, Mingəçevir, Abşeron, İsmayıllı, Qusar, Lənkəran və Qax rayonlarına (şəhərlərinə) səfər edən turistlərin sayı digər şəhər və rayonlara səyahət edənlərin sayından daha çox olub. Turizm məqsədilə səfər edən ölkə vətəndaşlarının 34,7%-ini Bakı şəhərinin sakinləri təşkil edib.

Hesabat dövründə mehmanxana və mehmanxana tipli müəssisələrdə 392,8 min nəfər xarici ölkə vətəndaşı gecələmə keçirib. Onların əsas hissəsini Böyük Britaniya, Rusiya Federasiyası, Türkiyə, ABŞ, Almaniya, İran, İtaliya, Ukrayna, Fransa, Gürcüstan, Çin Xalq Respublikası və Qazaxıstan vətəndaşları təşkil edib. Mehmanxanalarda gecələyən əcnəbilərin 73,2%-i ölkəmizə turizm məqsədilə səfər edib. 2013-cü illə müqayisədə bu müəssisələrin xidmətlərindən istifadə edən Bolqarıstan, Estoniya, Finlandiya, Çexiya Respublikası, Yaponiya, Belçika, Polşa, Türkiyə, Moldova, Çin Xalq Respublikası, Almaniya və Rumıniya vətəndaşlarının sayında daha çox artım müşahidə olunub.

2014-cü ildə mehmanxana və mehmanxana tipli müəssisələrin gəlirləri 2013-cü illə müqayisədə 5,7% artaraq 181 mln. manata çatıb. Gəlirlərin 64,7%-i nömrələrin satışından, 23,8%-i içkilər də daxil olmaqla qida məhsullarının satışından, qalan hissəsi isə digər xidmətlərin göstərilməsindən əldə edilib.

Müəssisələrin xərcləri 1,1% artaraq 147,1 mln. manat təşkil edib. Xərclərin əsas hissəsini əmək haqqı xərcləri, içkilərin və yeməklərin hazırlanması üçün alınan mallara çəkilən xərclər, əsas fondların amortizasiyası və bütün nov sosial sığortalar üzrə ayırmalar xərcləri təşkil edib. Bu xərclərin ümumi xərclərdəki payı müvafiq olaraq 31,3%, 16%, 8,9% və 7,2% olub.

2014-cü ildə mehmanxana və mehmanxana tipli müəssisələrdə çalışan işçilərin orta illik siyahı sayı 2013-cü illə müqayisədə 750 nəfər artaraq 9 009 nəfərə çatmış və bir işçiyə düşən orta aylıq əmək haqqının məbləği 425,6 manat təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR