Göyçayda IX Nar Bayramı keçirilib - FOTOSESSİYA

Göyçayda IX Nar Bayramı keçirilib - <span style="color: red;">FOTOSESSİYA
# 01 noyabr 2014 15:41 (UTC +04:00)

Göyçay. Elvin Yaqubov-APA. Noyabrın 1-də Göyçayda IX Nar Bayramı keçirilib. APA-nın yerli bürosunun xəbərinə görə, tədbirdə dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, səfirlər, diaspor nümayəndələri, beynəlxalq təşkilatların əməkdaşları, iş adamları, ümumilikdə 10 mindən artıq insan iştirak edib.

Tədbirdə Göyçay rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədov, Milli Məclisin Elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev, Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov, Belarusun Azərbaycandakı səfiri Nikolay Patskeviç, Göyçay rayonu ilə qardaşlaşan İtaliyanın Valmontone şəhərinin meri Alberto Latini çıxış edib.

Çıxışlarda bildirilib ki, prezident İlham Əliyevin təşəbbüsü ilə 2006-cı ilin noyabrından başlayaraq ənənəvi olaraq hər il Nar bayramı keçirilir. Həm yerli əhalinin, həm də ölkəyə gələn qonaqların böyük marağına səbəb olan nar bayramı bir daha sübut edir ki, Azərbaycan öz mədəni irsini, adət-ənənələrini qoruyub saxlamaqdadır.

Millət vəkili Eldar İbrahimov ölkədə narçılığın daha da inkişaf etdirilməsi üçün gələcəkdə qanun layihəsinin hazırlanmasının vacibliyini bildirib. O, narın insan sağlamlığı üçün böyük əhəmiyyətə malik olduğunu və narçılığın iqtisadi baxımdan gəlirli sahə olduğunu qeyd edib.

Qonaqlara bildirilib ki, narın şirəsindən və qabığından 20-dək xəstəliyin müalicəsində istifadə olunur. Bu il Göyçayda bağlara göstərilən yüksək aqrotexniki qulluq və havaların əlverişli keçməsi bol məhsul yetişdirilməsinə zəmin yaradıb. İlkin hesablamalara görə, cari ildə məhsuldarlıq 48 min tona yaxın olacaq.

Ötən il isə fermerlər və fərdi təsərrüfat sahibləri 45 min tondan artıq nar tədarük ediblər. Məhsulun 40 faizi Rusiya, Ukrayna və Gürcüstanın bazarlarına çıxarılıb.

Qonaqlar nar sərgisində rayonun 35 kəndində bu sahə ilə məşğul olan insanların yetişdirdikləri müxtəlif sort nardan hazırlanan məhsulları ilə tanış olublar. İdmançıların, mahnı-rəqs qruplarının çıxışları olub, müxtəlif mədəni-əyləncəli proqramlar təşkil edilib. Sonda Azərbaycan və tanınmış incəsənət ustalarının iştirakı ilə bayram konserti keçirilib və atəşfəşanlıq olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR