Azərbaycanın incəsənət xadimləri Polşada keçirilən bayram tədbirində iştirak ediblər

Azərbaycanın incəsənət xadimləri Polşada keçirilən bayram tədbirində iştirak ediblər
# 04 sentyabr 2014 17:59 (UTC +04:00)

Bakı-APA. Azərbaycanın Polşadakı səfiri Həsən Həsənov və Bakının Xəzər rayonunun İcra Hakimiyyətinin başçısı Gülağa İslamovun rəhbərlik etdiyi nümayəndə heyəti Polşanın Pruşkuv rayonunda keçirilən Şəhər Bayramında iştirak ediblər. Azərbaycanın Polşadakı səfirliyindən APA-ya daxil olan məlumata görə, Şəhər Bayramı ilə əlaqədar açıq səma altında təşkil olunmuş konsertdə Polşanın tanınmış bir sıra ansamblları çıxış etmişdirlər. Konsertdə Bakının Xəzər rayonunu təmsil edən incəsənət xadimləri 40 dəqiqə ərzində Azərbaycan muğamını ifa etmiş və milli rəqslərimiz iştirakçıların diqqətinə təqdim olunub. 2011-ci ildə Heydər Əliyev Fondu və Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə keçirilmiş Muğam müsabiqəsində ikinci yerə layiq görülmüş Məmməd Nəcəfovun ifası və Azərbaycan rəqsi iştirakçılar tərəfindən böyük maraqla qəbul olunub. İncəsənət xadimlərimizin çıxışı alqışla qarşılanıb.

Tədbirin keçirildiyi ərazidə ölkəmizin geniş kütləyə tanıdılması məqsədilə Azərbaycan çadırı qurulub. Qeyd olunan çadırda Azərbaycan mətbəxinə aid dolma, qutab, paxlava, qoğal və ölkəmizdə istehsal olunmuş meyvə şirələri, mürəbbələr, narşərab və başqa məhsullar sərgilənib. Azərbaycanın tanıdılması məqsədilə səfirlik tərəfindən polyak dilində mədəniyyətimiz, eposlarımız, memarlığımız, tariximiz, mətbəximiz haqda nəşr etdirilmiş 27 adda kitab və açıqcalar bayram iştirakçılarına paylanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR