“Bank BTB” aktivlərini artırıb

“Bank BTB” aktivlərini artırıb
# 27 oktyabr 2014 08:00 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev - APA-Economics. 2014-cü ilin III rübündə “Bank BTB”nin aktivlərinin həcmi 138,760 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 18,52% çoxdur.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 6,44% azalaraq 99,830 mln. manat olub. O cümlədən, istehlak kreditlərinin həcmi 58,936 mln. manat təşkil edib ki, bu da 2013-cü ilin oktyabr ayının 1-nə olan göstəriciyə nisbətən 11% çoxdur. Ötən ilin 9 ayı ilə müqayisədə bu ilin eyni dövründə avtomobil kreditlərinin həcmi 14,66% azalaraq 19,309 mln. manata çatıb.

Hesabat dövründə bankın ipoteka kreditlərinin həcmi 3,063 mln. manat olub ki, bu da 2013-cü il eyni dövrünə nisbətən 45,84% çoxdur.

Bankın kredit portfelinin strukturunda vaxtı keçmiş kreditlərin həcmi keçən ilin analoji dövrü ilə müqayisədə təxminən 3,16 dəfə artaraq 2,670 mln. manat olub.

Bankın depozit portfeli cari ilin III rübündə 19,75% artaraq 68,222 mln. manata çatıb. Bu dövrdə əhalinin əmanətlərinin həcmi isə 44,528 mln. manata bərabər olub ki, bu da illik müqayisədə 28,03% çoxdur.

Bir il ərzində bankın məcmu kapitalı 78,49% artaraq 54,181 mln. manata çatıb, nizamnamə kapitalı isə 88,08% artaraq 44,840 mln. manat təşkil edib.

Bankın gəlirləri ötən ilin müvafiq dövrünə nisbətən 11,30% artaraq 16,259 mln. manat, xərcləri isə 10,93% artaraq 12,389 mln. manat təşkil edib.

Cari ilin doqquz ayı ərzində bankın əldə etdiyi mənfəət 4 mln. 883 min manat təşkil edib.

Hazırda bankın ölkə üzrə 10 filialı, 18 bankomatı, 27 POS-terminalı fəaliyyət göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR