Arif Hacılı: “MNTK tərəfindən Qubad İbadoğlunun təqdim etdiyi arayışa verilən rəy ədalətlidir” - VİDEO

Arif Hacılı: “MNTK tərəfindən Qubad İbadoğlunun təqdim etdiyi arayışa verilən rəy ədalətlidir” - <span style="color: red;">VİDEO
# 31 oktyabr 2014 12:12 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. “Hesab edirəm ki, Mərkəzi-Nəzarət Təftiş Komissiyası tərəfindən Qubad İbadoğlunun təqdim etdiyi arayışa verilən rəy ədalətlidir”.

APA-nın məlumatına görə, bunu Müsavat Partiyasının başqanı Arif Hacılı keçirdiyi mətbuat konfransında deyib.

A.Hacılı çıxışında Dağlı Qarabağ probleminə və Kəlbəcərdə girov götürülən Azərbaycan vətəndaşlarının məsələsinə toxunub. O, ölkədə və beynəlxalq aləmdə baş verən hadisələrə də münasibətini bildirib.

A.Hacılı partiyanın sentyabrın 27-də keçirilən VIII qurultayına da toxunub. O qeyd edib ki, partiyanın qurultayı ədalətli və şəffaf şəkildə keçirilib: “Partiyanın qurultayı ilə əlaqədar bir çox müzakirələr gedir. Biz bunları müsbət dəyərləndiririk, ancaq bu istiqamətdə bəzən neqativ və düzgün olmayan fikirlər də səsləndirilir”.

O, başqanlığa sabiq namizəd Qubad İbadoğlunun qurultayda baş verən pozuntularla əlaqədar Mərkəzi-Nəzarət Təftiş Komissiyasına (MNTK) təqdim etdiyi arayışa və ona verilən rəyə də münasibətini bildirib: “Komissiya arayışı diqqətlə araşdıraraq öz rəyini verib. Onlar əvvəlcədən də bildirirdilər ki, partiyanın qurultayında hər hansı saxtakarlıqlar olmayıb, sadəcə, müəyyən ədalətlilik prinsipi pozulub. Mən arayışın mətni ilə tanış olmuşam. Hesab edirəm ki, komissiyanın təqdim etdiyi rəy ədalətlidir. Təbii ki, qurultayın nəticəsindən narazı qaldıqlarını bəyan edənlər yeni qurultayın keçirilməsini də arzu edirlər. Ancaq mən hesab edirəm ki, bu gün qurultay yenidən keçirilsə, mən daha çox səs toplayaram. Çünki bunlar mənim qazandığım səslərdən çox rəqiblərimin itirdiyi səslərdir. Məni növbədənkənar qurultay qətiyyən narahat etmir. Maraqlı odur ki, məni inzibatçılıqda ittiham edənlər indi də Nizamnaməyə əməl etməməyə çağırırlar”.

A.Hacılı qurultayın nəticəsindən narazı qalanları qarşılıqlı ittihamlara son qoymağa çağırıb: “Qurultaydan artıq kifayət qədər vaxt keçib və hesab edirəm ki, artıq başqa məsələlər yekunlaşmalıdır. Partiyanın rəhbər strukturları formalaşdırılıb. Partiyanın rəhbərliyi demək olar ki, dəyişib. Ancaq bu dəyişmənin ağrı-acısız ötəcəyini düşünmürdük. Ona görə də qurultay barədə söz-söhbətləri unutmaq lazımdır. Hər bir partiya üzvündən də Müsavatın gələcək fəaliyyəti barədə düşünməyi xahiş edirəm”.

Müsavat başqanı qeyd edib ki, heç kəsin partiyanı tərk etməsinin tərəfdarı deyil: “Mən bildirmişəm ki, mövqeyindən asılı olmayaraq, hər kəslə çalışmağa hazıram”.

A.Hacılı partiya daxilində fraksiya yaratmaq çağırışlarına da münasibətini bildirib: “Müsavat Partiyasının Nizamnaməsində fraksiya yaradılması nəzərdə tutulmur və bu addımlar partiyanın ümumi mənafeyinə ziddir. Düşünürəm ki, fraksiya yaratmaq istəyirlərsə, həmin şəxslər partiyanın digər hissəsi qarşısında nüfuzlarını itirəcəklər”.

A.Hacılı digər siyasi partiyalarla da müttəfiqlik münasibətlərinin qurulmasının tərəfdarı olduğunu və bu istiqamətdə danışıqlara başlayacağını açıqlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR