Azərbaycan gömrük xidmətinin sərhədkeçmə vaxtının ölçülməsi layihəsi Qırğızıstan və Tacikistanda öyrənilib

Azərbaycan gömrük xidmətinin sərhədkeçmə vaxtının ölçülməsi layihəsi Qırğızıstan və Tacikistanda öyrənilib
# 18 noyabr 2015 11:48 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Almaniya Beynəlxalq Əməkdaşlıq Təşkilatı Ümumdünya Gömrük Təşkilatının (ÜGT) tövsiyəsi ilə Azərbaycan gömrük xidməti tərəfindən həyata keçirilmiş “Mal və nəqliyyat vasitələrinin buraxılış vaxtının ölçülməsi” layihəsinin Mərkəzi Asiya ölkələrində tətbiqini tövsiyə edib.

Dövlət Gömrük Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, komitənin Fəaliyyətin Qiymətləndirilməsi və İnkişaf Proqramları Baş İdarəsinin rəisi İqbal Babayev bunu Azərbaycan gömrüyünün növbəti önəmli uğurlarından biri kimi dəyərləndirib.

İ. Babayev vurğulayıb ki, son illər Azərbaycanın iqtisadi, siyasi, mədəni və digər sahələrdə əldə etdiyi uğurlar gömrük xidmətindən də yan keçməyib: “Müstəqilliyimizin ilk illərində bütün sahələrdə yaranan durğunluq ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra dinamik inkişafla əvəz olunub. O, respublikamızın iqtisadi təhlükəsizliyinin təmin olunması və inkişafı baxımından gömrük orqanları qarşısında da strateji vəzifələr qoyub, ölkənin gömrük siyasətinin konturlarını müəyyənləşdirib”.

İ.Babayev əlavə edib ki, prezident İlham Əliyevin rəhbərliyi dövründə gömrük orqanlarının işinin daha da səmərəli təşkili, müasir texnologiyaların tətbiqi, gömrük əməkdaşlarının potensialının gücləndirilməsi, gömrük-keçid məntəqələrində infrastrukturun müasir tələblər səviyyəsində qurulması siyasəti uğurla davam etdirilib: ”Dövlət başçısının uzaqgörən siyasətinin, diqqət və qayğısının nəticəsi olaraq tarixi “İpək Yolu” üzərində yerləşən Azərbaycan bu gün beynəlxalq ticarət zəncirinin mühüm həlqələrindən biri kimi Şimal-Cənub, Şərq-Qərb dəhlizləri vasitəsilə yüklərin səmərəli və vaxtında daşınmasında mühüm rol oynayır. Belə ki, hazırda dünyada gedən qloballaşma siyasətinin fonunda ölkələri, beynəlxalq təşkilatları düşündürən vacib məsələlərdən biri beynəlxalq ticarət zəncirinin davamlılığının, intensivliyinin təmin olunması və asanlaşdırılmasıdır”.

Bu sahədə ölkəmizin gömrük orqanları da üzərinə düşən vəzifənin yerinə yetirilməsi məqsədilə mühüm addımlar atır. Gömrük işinin təşkilində innovasiya texnologiyalarına geniş yer verilməsi idxal-ixrac əməliyyatlarının və yükdaşımaların sürətləndirilməsi və asanlaşdırılmasında mühüm rol oynayan amildir. DGK tərəfindən təşkil edilən “Elektron gömrük xidmətləri”, eləcə də yaxın zamanlarda tətbiq ediləcək və biznes-gömrük əməkdaşlığında mühüm addımlardan biri hesab olunan elektron bəyannamə sistemi bu istiqamətdə atılan mühüm addımlardır.

DGK tərəfindən hazırlanmış “Mal və nəqliyyat vasitələrinin buraxılış vaxtının ölçülməsi” (TRS) layihəsinin Azərbaycan modeli isə analoqları ilə müqayisədə ən mütərəqqi model hesab olunur. Bu layihə, Gömrük Xidmətinin Vahid Avtomatlaşdırılmış İdarəetmə Sisteminin (VAİS) bir komponentidir və bu modelin ən üstün tərəflərindən biri mal və nəqliyyat vasitələrinin sərhəddən keçidi zamanı insan amilinin sıfıra endirilməsidir ki, bu da şəffaflığın tam təminatına imkan verir. Belə ki, mal və ya nəqliyyat vasitəsi sərhəd gömrük ərazisinə daxil olduğu andan sahibinə təhvil verilənə qədər - bütün gömrük proseduralarının başlanma və bitmə vaxtları avtomatik qeydə alınaraq xüsusi hazırlanan proqram vasitəsilə texniki avadanlıqlarla nəzarət olunur. Nəticədə, sahibkar ölkəyə idxal etdiyi mal və nəqliyyat vasitələrinin gömrük təmizlənməsi proseslərinə nə qədər vaxt sərf etdiyi müəyyən edilir.

İ. Babayevin sözlərinə görə, 2015-ci ilin əvvəlində ÜGT-nin Potensialın Gücləndirilməsi Komitəsinin rəhbəri Azərbaycanda bu sahədə araşdırmalar aparıb və Azərbaycanın bu modeli haqqında digər üzv ölkələrin də məlumatlandırılmasına dair qərar verib. Bu məqsədlə ÜGT-nin rəhbərliyi Azərbaycan nümayəndə heyətini bu il 11-13-də Brüsseldə keçirilən və 170 üzv ölkənin iştirak etdiyi ÜGT Şurasının 125/126-cı sessiyalarına dəvət edib. Azərbaycan nümayəndə heyəti yığıncaqda TRS layihəsi barədə təqdimatla çıxış edib və ÜGT bu modelin digər üzv ölkələrdə də tətbiq edilməsini tövsiyə edib.

“Mal və nəqliyyat vasitələrinin buraxılış vaxtının ölçülməsi”nin Azərbaycan modeli dünyanın bir sıra ölkələrində müxtəlif sahələr üzrə layihələr həyata keçirən nüfuzlu Almaniya Beynəlxalq Əməkdaşlıq Təşkilatının (GİZ) da diqqətini çəkib. Belə ki, bu il mayın 21-22-də Dövlət Gömrük Komitəsinin nümayəndə heyəti VIII Astana İqtisadi Forumuna qatılıb və tədbirdə Azərbaycan nümayəndə heyətinin rəhbəri İ.Babayev “Mal və nəqliyyat vasitələrinin buraxılış vaxtının ölçülməsi” layihəsi barədə təqdimatla çıxış edib.

Bu təqdimat forumda iştirak edən və hazırda “Mərkəzi Asiya ölkələrində Regional Ticarətə Yardım” layihəsini həyata keçirən GİZ, eləcə də sözügedən ölkələrin gömrük xidmətləri nümayəndələrinin marağına səbəb olub. Belə ki, təşkilatın bölgədə həyata keçirdiyi layihənin məqsədi beynəlxalq ticarətdə texniki maneələri aradan qaldıracaq regional platformanın hazırlanmasıdır. Bununla da, Azərbaycan modelini bəyənən Almaniya təşkilatı onun regionda da tətbiqinin uğurlu nəticələr verəcəyi qənaətinə gəlib və bunu region ölkələrinə tövsiyə ediblər.

Nəhayət, Azərbaycan modelinin tətbiqində maraqlı olan Qırğızıstan və Tacikistan gömrük xidmətləri ölkələrinin sərhədlərində bu istiqamətdə əsaslı araşdırma aparılması məqsədilə Azərbaycan gömrük mütəxəssislərinin dəvət olunması üçün GİZ-a müraciət ediblər. Öz növbəsində, GİZ Azərbaycan DGK-nın rəhbərliyinə rəsmi qaydada müraciət edərək, Bişkek və Düşənbə şəhərlərində gömrük və digər dövlət orqanları əməkdaşlarına təlim keçirilməsi, Qırğızıstan-Tacikistan sərhədində monitorinq aparılması və dövlət nəzarət orqanlarının araşdırmalar zamanı sərhəddə buraxılış göstəricilərinin yaxşılaşdırılması üzrə tövsiyələrlə təmin edilməsi üçün Azərbaycan nümayəndə heyətinin Qırğızıstan və Tacikistana səfərinə icazə verilməsini xahiş edib.

Buna cavab olaraq, DGK-nın İ. Babayev və həmin Baş idarənin birinci müavini Anar Süleymanov noyabrın 6-12-də Qırğızıstan və Tacikistan respublikalarına səfər ediblər. Öncə, Azərbaycan nümayəndə heyəti Tacikistanda bu ölkənin gömrük xidməti sədrinin müavini A.H. Tursunzoda ilə görüş keçirib. Görüşdə Azərbaycan Gömrük Xidmətinin son illərdə əldə etdiyi nailiyyətlər, gömrük işinin təşkilində müasir texnologiyaların tətbiqi və digər məsələlərə dair qarşılıqlı fikir mübadiləsi aparılıb. Bir gün sonra isə Azərbaycan nümayəndə heyəti dost ölkənin gömrük orqanları, Nəqliyyat Nazirliyi, fitosanitar xidmət və digər dövlət qurumlarının əməkdaşları, sahibkarlar üçün “Mal və nəqliyyat vasitələrinin buraxılış vaxtının ölçülməsi” modeli barədə treninq keçirib. Treninqdə “Gömrük sahəsində innovasiya layihələrinin tətbiqi prinsipləri”, “Mal və nəqliyyat vasitələrinin buraxılış vaxtının ölçülməsi”, “VAİS-in qurulması prinsipləri” və “Gömrük xidmətinin modernləşdirilməsi” mövzularında iştirakçılara ətraflı məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb. Tacikistan Gömrük Xidmətinin sədr müavininin də qatıldığı treninqdə, həmçinin Azərbaycanda gömrük nəzarətinin təşkili, həyata keçirilməsi və digər mövzularda videoçarxlar nümayiş olunub və iştirakçılar arasında qrup işləri aparılıb.

Qırğızıstanda isə nümayəndə heyəti əvvəlcə, bu ölkənin gömrük xidmətinin sədr müavini Ş.Ş.Berdaliyev görüşərək qarşılıqlı maraq doğuran məsələlər ətrafında müzakirə aparıb. Sonra isə Qırğızıstan gömrük əməkdaşları və digər aidiyyəti dövlət qurumlarının əməkdaşları üçün treninq təşkil olunub. Daha sonra Azərbaycan tərəfi Qırğızıstan və Tacikistan arasında ən böyük sərhəd-keçid məntəqəsi olan “Gülostan” gömrük-sərhəd-keçid məntəqəsində monitorinq aparıb. Monitorinqin nəticələri azərbaycanlı mütəxəssislər tərəfindən təhlil olunduqdan sonra Qırğızıstan və Tacikistan gömrük xidmətlərinə təqdim ediləcək.

Onu da qeyd edək ki, qırğız və tacik gömrükçüləri azərbaycanlı həmkarlarının peşəkarlığını yüksək qiymətləndirib və treninqdə təqdim edilən Azərbaycan modelini xalqlarımızın tarixi bağlılığı, eləcə də uzun müddət eyni formasiyada yaşamaları baxımından ölkələri üçün ən məqbul variant hesab ediblər. Üstəlik, hər iki ölkə ilə Azərbaycan arasında əməkdaşlıq və qarşılıqlı yardıma dair hökumətlərarası razılaşmaların olması təcrübə mübadiləsinin hüquqi bazasını da təmin edir.

İ. Babayevin fikrincə, bu tədbir Azərbaycan gömrük xidmətinin əldə etdiyi nailiyyətlərin tanıdılmasına, Azərbaycanla Qırğızıstan və Tacikistan arasında gömrük sahəsində əlaqələrin daha da inkişaf etməsinə, həmin ölkələrdə gömrük işinin daha səmərəli təşkilinə, gömrük sahəsində müasir texnologiyalara və proqram təminatına yiyələnməsinə, eyni zamanda, beynəlxalq ticarətin asanlaşdırılmasına və iqtisadi sahədə tərəqqiyə öz töhfəsini verəcək.

İ. Babayev vurğulayıb ki, GİZ Qırğızıstan və Tacikistan gömrük xidmətlərinin idarəetmə strukturunun modernləşdirilməsinə dəstək və yardım göstərilməsi üçün gələcəkdə Azərbaycan hökumətinə müraciət etməyi planlaşdırır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR