Bank Of Baku

AŞ PA-da Azərbaycanla bağlı qətnamə qəbul olunub

AŞ PA-da Azərbaycanla bağlı qətnamə qəbul olunub
# 24 iyun 2008 12:11 (UTC +04:00)
Andres Herkel bildirib ki, Azərbaycanda vəziyyət hələ də narahatlıq doğurur: “Biz düşünməliyik ki, nə üçün bu gün yenidən Azərbaycanla bağlı müzakirələr aparırıq. Çünki Azərbaycanda vəziyyət hələ də narahatlıq doğurur. Biz ölkədə insan haqlarının durumundan çox narahatıq, əsasən də bu narahatlıq kütləvi informasiya vasitələrinin azadlığına aiddir. Bu sahədə vəziyyət heç də ürəkaçan deyil. Təəssüflər olsun ki, bu kimi faktlar müsbət dəyişikliklərin əldə olunmasında neqativ rol oynaya bilər. Bununla belə biz “Sərbəst toplaşmaq azadlığı haqqında” qanunun qəbulunu alqışlayırıq. Bundan başqa çirkli pulların yuyulmasına və terrorçuluğa qarşı mübarizəyə dair qanunlar da parlamentdə müzakirə edilir. İnanıram ki, bu qanunlar da yaxın zamanlarda qəbul ediləcək. Əsas məqamlardan biri Seçki Məcəlləsinə dəyişikliklər edilməsi ilə bağlıdır. Həm bizim, həm də Venesiya Komissiyasının tövsiyələrinin heç də hamısı parlamentdə müzakirə edilməyib. Seçki komissiyalarının tərkibinin formalaşması sahəsində problemlər qalmaqdadır. Jurnalistlərin həbs edilməsi isə seçkilər öncəsi münbit ab-hava yaratmır. Ola bilsin ki, bu həbslərdə cinayət elementləri də var, lakin qəbul etməliyik ki, həbslərin siyasi tərəfləri də mövcuddur”. Yevgeniya Jivkova isə prezident İlham Əliyevin imzaladığı son əfv fərmanı ilə 5 jurnalist də daxil olmaqla 59 nəfərin azadlığa buraxılmasını müsbət addım kimi dəyərləndirib: “Hesab edirəm ki, siz bu hesabatın balanslaşdırılmış olduğunu görəcəksiniz. Düşünürük ki, Azərbaycanda növbəti seçkilər daha demokratik şəraitdə keçiriləcək. Dediyim kimi, bu hesabatdakı məqamlar çox obyektivdir, amma bəzi sahələrdə problemlərin hələ də qaldığını vurğulamalıyam”. Daha sonra müzakirələrdə Azərbaycan nümayəndə heyətinin üzvü Gültəkin Hacıyeva çıxış edib: “Ümid edirəm ki, Ermənistan nümayəndə heyəti və erməni müxalifətinin təmsilçiləri Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi faktını etiraf edəcəklər”. Azərbaycan ərazilərinin bir hissəsinin işğal altında olduğunu vurğulayan Gültəkin Hacıyeva bu faktın Avropa Şurasının prinsiplərinə zidd olduğunu xatırladıb: “Azərbaycanın Avropa Şurası qarşısında üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsi məsələsi ilk dəfə deyil ki, müzakirə olunur. Postsovet məkanı ölkələrinin əksəriyyətində demokratiya, korrupsiya qarşı mübarizə və digər sahələrdə ciddi problemlər var. Biz bu məsələlərə yanaşmada ikili standartların şahidi oluruq. Bu ölkələrdən danışanda obyektiv olmaq lazımdır. Azərbaycanda xristian və alban məzarlıqlarının dağıdılması AŞ PA-nın Mədəniyyət, Təhsil və Elm Komitəsinin çox narahat edir. Sual olunur: “Nəyə görə biz öz mədəni və tarixi irsimizi dağıtmalıyıq?” Ermənistan ərazisində Azərbaycan tarixinə, mədəniyyətinə məxsus çoxsaylı abidələr dağıdılıb. İstərdim ki, AŞ PA-nın Mədəniyyət, Təhsil və Elm Komitəsi Azərbaycanın ermənilər tərəfindən yüzlərlə məscid və məzarlığının dağıdılması faktını öz məruzəsində əks etdirsin, diqqəti təkcə Naxçıvan ərazisinə yönəltməsin. Azərbaycan bu sahədə əməkdaşlığa həmişə hazırdır”. Müzakirələrdə çıxış edən AŞ PA Monitorinq Komitəsinin sədri Sergey Qolovatıy hesabatla bağlı meydana çıxan sualların əvvəlcədən rəhbərlik etdiyi komitədə müzakirə olunduğunu deyib: “Əgər Azərbaycan haqqında 7-8 məruzə hazırlanırsa, bu, bizim günahımız deyil. Elə etmək lazımdır ki, ölkədə demokratiyaya, hüquqi dövlət və qanunun aliliyi prinsiplərinə, insan haqlarına hörmətlə yanaşılsın. Ümid edirik ki, 2009-cu ildə bu məsələni yenidən gündəmə gətirməyə ehtiyac olmayacaq. Və Azərbaycanla bağlı müzakirələr olarsa belə, biz seçkilərdə yol verilən qanun pozuntularından danışmayacağıq. Bu isə Azərbaycan hökumətinin istəyindən asılıdır”. Çıxışlardan sonra Azərbaycanda demokratik institutların fəaliyyətinə dair qətnaməyə edilən təklif və düzəlişlər üzrə səsvermə keçirilib. Azərbaycan tərəfin təklif etdiyi dəyişiklik və əlavələrin hamısı səsvermə zamanı qəbul olunub. Ermənistan nümayəndə heyəti qətnamədə Azərbaycan torpaqlarının işğalına dair müddəaların dəyişdirilməsini təklif etsələr də, bu təkliflərin heç biri qəbul olunmayıb. Britaniyalı parlamentar Edvard Ohara da qətnamənin AŞ PA-nın Cənubi Qafqazda mədəni irsin araşdırılması missiyasına aid 14-cü paraqrafına əlavə edilməyə cəhd göstərib. Ohara və digər parlamentarlar qətnaməyə missiyanın bölgəyə səfərinə Azərbaycan tərəfin əngəl törətdiyi barədə müddəanın daxil edilməsini istəyiblər. Azərbaycan nümayəndə heyətinin üzvü Gültəkin Hacıyeva isə buna qarşı çıxaraq bildirib ki, bu missiya Azərbaycanın işğal altında olan ərazilərinə də səfər etməlidir və bu səfər Azərbaycan ərazisindən keçərək gerçəkləşdirilməlidir. Gültəkin Hacıyevanın çıxışından sonra Edvard Oharanın təkli etdiyi düzəliş səsverməyə çıxarılıb və qəbul olunmayıb. Müzakirələrin sonunda Azərbaycanda demokratik institutların fəaliyyətinə dair 11627 saylı qətnamə layihəsi əlavə və dəyişikliklərlə qəbul edilib. Qətnamədə bildirilir ki, Avropa Şurasına üzv olan Azərbaycanda mətbuatla bağlı problemlər, sərbəst toplaşmaq hüququnun məhdudlaşdırılması kimi faktların olması narahatlıq yaradır. Sənəddə hazırda həbsdə olan üç jurnalistin azadlığa buraxılmasının vacibliyini vurğulanıb. Qətnamədə prezident seçkilərinə kimi görülməsi zəruri olan işlərlə bağlı tövsiyələr də əksini tapıb. Bu tövsiyələr seçki komissiyalarının formalaşdırılması zamanı balansın qorunması, şikayətlərin baxılma sisteminin təkmilləşdirilməsi, dövlət tərəfindən maliyyələşdirilən telekanallarda siyasi partiya və bloklar üçün pulsuz efir vaxtının ayrılması, müxalifət partiyalarının mitinq keçirmək hüququna qarantiya verilməsindən ibarətdir. Qətnamədə Azərbaycanın ərazi bütövlüyünün bərpasının vacibliyi vurğulanır və bunun ölkədə uzunmüddətli demokratiyanın inkişafının təmin olunmasında mühüm amil olduğu qeyd edilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR