Bank Of Baku

Qabriel Keller: “Fransa Dağlıq Qarabağ münaqişəsinin sülh və ədalətli həllinə tərəfdardır”

Qabriel Keller: “Fransa Dağlıq Qarabağ münaqişəsinin sülh və ədalətli həllinə tərəfdardır”
# 17 iyul 2008 11:11 (UTC +04:00)
Bakı. Laçın Sultanova-APA. “Azərbaycan Fransa üçün çox maraqlı və siyasi cəhətdən çox vacib bir ölkədir”. APA-nın məlumatına görə, bu fikirləri Fransanın Azərbaycandakı yeni səfiri Qabriel Keller bu gün jurnalistlərlə keçirdiyi görüşdə deyib. Ölkəsinin xarici siyasətində Azərbaycanın çox vacib bir ölkə rolunu oynadığını deyən diplomat, Azərbaycanın Avropa İttifaqının enerji təhlükəsizliyi baxımından da çox önəmli ölkə olduğunu qeyd edib. Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sualları cavablandıran diplomat bildirib ki, Fransa bu münaqişənin sülh və ədalətli həllinə tərəfdardır. Azərbaycan və Ermənistan prezidentlərinin Sankt-Peterburqda görüşündən məmnunluqla danışan Q. Keller hazırda danışıqların Madrid təklifləri əsasında aparıldığını söyləyib və prezidentlərin buna razılıq verdiklərini xatırladıb. Fransanın BMT Baş Assambleyasında Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyətə dair qətnamənin əleyhinə səs verməsinin səbəblərinin açıqlayan diplomat bəyan edib ki, Minsk Qrupun həmsədrləri istənilən məsələyə vahid mövqe nümayiş etdirilər: “Bu, o demək deyil ki, biz qətnamədəki bəndlərlə razı deyilik, bu o deməkdir ki, həmin sənədlə Madrid təklifləri arasında bir qanuna uyğunsuzluq var, danışıqlardakı elementlərin hamısı orada əks olunmadığı üçün qətnamə tərəfləri danışıqlarda irəli aparmır”. Fransa parlamentinin uydurma “erməni soyqırımı”nı tanımasına münasibət bildirən səfir qeyd edib ki, bu, Fransa hökumətinin mövqeyi deyil: “Fransa hökumətinin rəsmi mövqeyi ondan ibarətdir ki, tarixi hadisələrə qanunvericilik orqanı deyil, tarixçilər araşdırmalıdır”. Quba ərazisində aşkarlanan kütləvi məzarlıqla tanış olmadığını deyən səfir bunu Bakıya yeni gəlməsi ilə əlaqələndirib. Yeni səfir Azərbaycanın bütün regionlarına səfər etmək niyyətindədir . Prezident seçkiləri ilə bağlı sualları cavablandıran səfir Avropa İttifaqına üzv bütün ölkələr payızda keçiriləcək seçkiləri yaxından izlədiyini vurğulayıb. O, Avropanın enerji təhlükəsizliyində önəmli bir layihə rolunu oynayan “Nabucco” layihəsinə də münasibətini açıqlayıb: “Azərbaycan istəyir ki, Avropa İttifaqına sədrlik edən Fransa quruma üzv olan ölkələrin hamısının bu layihə ilə bağlı razılığını alsın. 27 ölkənin razılığını almaq asan iş deyil. Hazırda bütün dünyanın enerji resurslarına çox böyük ehtiyacı var. Biz enerji istehlakçılarıyıq, enerji istehsalçıları isə bir neçə oğlan arasında seçim etməli olan gənc qıza bənzəyir. Hər bir gənc onun könlünü almaq üçün sərfəli təklif etməlidir. Biz Azərbaycan və Asiya qazının Avropaya nəql edilməsi üçün keçərli təklif edəcəyik. Arqumentimiz hər iki tərəf üçün uyğun olan təklif olacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR