Bank Of Baku

Həmsədrlər ATƏT Daimi Şurasında Dağlıq Qarabağ münaqişəsinin həllinə dair son vəziyyət barədə məlumat veriblər

Həmsədrlər ATƏT Daimi Şurasında Dağlıq Qarabağ münaqişəsinin həllinə dair son vəziyyət barədə məlumat veriblər
# 06 noyabr 2008 16:06 (UTC +04:00)
APA-nın məlumatına görə, ATƏT sədri, Finlandiyanın xarici işlər naziri Aleksandr Stubbun iştirakı ilə keçirilən iclasda Minsk Qrupunun həmsədrləri Dağlıq Qarabağ münaqişəsinin gedişi ilə bağlı çıxış ediblər. Toplantıda çıxış edən amerikalı həmsədr Metyu Brayza sentyabrda regiona səfərləri zamanı Azərbaycan və Ermənistan rəhbərləri ilə görüş keçirdiklərini bildirib: “Həm Bakı, həm İrəvan, həm də Dağlıq Qarabağda eyni fikir eşitdik – münaqişənin nizamlanması istiqamətində yeni imkan pəncərəsi açılıb və baza prinsipləri əsasında saziş imzalanması əlamətdar hadisə olardı”.

Metyu Brayza Gürcüstanda baş verən hadisələrin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesini sürətləndirdiyini vurğulayıb: “Hamı razılaşdı ki, Gürcüstandakı avqust hadisələri müharibəyə özünəməxsus xəbərdarlıq idi və qeyri-stabillik bütün regiona yayıla bilər. Türkiyə-Ermənistan danışıqları göstərdi ki, münasibətlərin normallaşması regionda stabillik və çiçəklənmə üçün əsas rolunu oynaya bilər”. Metyu Brayza Azərbaycan və Ermənistan prezidentlərinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı birgə Bəyannamə imzalamasını əlamətdar hadisə adlandırıb: “Bu sənəd xarici işlər nazirlərini ATƏT-in Minsk Qrupunun köməyi ilə və Madrid prinsipləri əsasında münaqişənin nizamlanması səylərini artırmağa çağırır. Bəyannamədə həmçinin tərəflər balanslaşdırılmış qərara nail olmaq üçün qarşılıqlı etimad mühitinin formalaşdırılmasının vacibliyini qeyd ediblər. Biz ortaq məxrəcə gəlinməsi üçün səylərimizi davam etdirəcəyik. Rusiyalı həmkarlarımıza Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü təşkil etdiyinə görə minnətdarıq”.

Toplantıda çıxış edən rusiyalı həmsədr Yuri Merzlyakov ATƏT Daimi Şurasında bir il öncəki məruzəsindən sonra Cənubi Qafqaz bölgəsində, o cümlədən Ermənistan və Azərbaycanda önəmli hadisələr baş verdiyini bildirib: “Bu hadisələr Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinə və Minsk Qrupu həmsədrlərinin vasitəçilik fəaliyyətinə təsirsiz ötüşə bilməzdi. Biz üç aydan bir Minsk Qrupunun üzvlərini həll prosesi, birgə işimizin gedişi və planlarımız haqda məlumatlandırmışıq. Ötən ilki fəaliyyətimizə xronoloji nəzər yetirsək, ilk vacib hadisə kimi noyabrın sonunda Madriddə keçirilmiş görüşü qeyd etmək olar. Həmsədrlər qabaqcadan elan etdilər ki, irəli sürülmüş təkliflər ultimativ deyil. Bunu münaqişənin həlli üzrə formullar və ya həmsədrlərin tərəflər arasında daha çox fikir ayrılığı yaradan bir neçə baza prinsipi üzrə təkliflər kimi qiymətləndirmək olar. Madrid təkliflərinin irəli sürülməsindən bir il keçdikdən sonra həmsədrlər əmindir ki, bu addım münaqişənin baza prinsiplərini danışıqların predmetinə və Moskva, Vaşinqton və Parisin balanslaşdırılmış kompromisin bütün elementlərini özündə ehtiva edən təkliflərinə çevrilib”.

Toplantıda çıxış edən fransalı həmsədr Bernar Fasie son bir il ərzində gördükləri işlərin xronologiyasını açıqlayıb və bildirib ki, avqust ayında Moskvada XİN başçıları ilə görüşən həmsədrlər payız üçün fəaliyyət planı tərtib ediblər: “Biz daha nəzərinizə çatdırmaq istəyirəm ki, əvvəlki illərdən fərqli olaraq 2008-ci ildə keçirilən seçkilər Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqları ölü nöqtəyə gətirmədi. Bu il Madrid prinsiplərinin reallaşması üçün çox iş görülüb”.

Qeyd edək ki, noyabrın ortalarında həmsədrlərin regiona səfəri nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR