Bank Of Baku

Serj Sarkisyan: “Danışıqlar nəticəsində ortaya çıxacaq həll variantı ilə razı olub-olmadığını xalqımız söyləməlidir”

Serj Sarkisyan: “Danışıqlar nəticəsində ortaya çıxacaq həll variantı ilə razı olub-olmadığını xalqımız söyləməlidir”
# 17 noyabr 2008 09:55 (UTC +04:00)
İrəvan – APA. Ermənistan prezidenti Serj Sarkisyan Dağlıq Qarabağ münaqişəsinin həlli prosesini siyasi partiyaların liderləri ilə müzakirə edəcək. APA-nın “Novosti-Armeniya” agentliyinə istinadən verdiyi məlumata görə, S. Sarkisyan bunu İctimai Televiziyaya müsahibəsində deyib. O bildirib ki, əslində indi bu məsələni müzakirəyə çıxarmağın məqamı yetişməyib: “Amma “stəkanda qoparılan fırtına”ya son qoymaq üçün mən siyasi partiyaların liderlərini dəvət edərək dinləməyə, onları nələrin narahat etdiyini dəqiqləşdirməyə çalışacağam”. S. Sarkisyan münaqişənin nə vaxt həll olunacağı barədə danışmağın çətin olduğunu söyləyib: “Mənim problemin həllini uzatmayacağımızı bəyan etməyim o demək deyil ki, sabah, bir ay və ya üç ay sonra problem həllini tapacaq. Bəli, biz süni şəkildə problemin həllini uzatmamalıyıq, amma əvvəlcə tərəflər arasında razılıq əldə edilməlidir, bundan sonra uzun bir proses başlayacaq. Qarabağ məsələsi xalqımızın ən həyati əhəmiyyətli problemlərindən biridir. Danışıqlar nəticəsində ortaya çıxacaq həll variantı ilə razı olub-olmadığını xalqımız söyləməlidir”.
Ermənistan prezidentinin sözlərinə görə, siyasətçilər danışıqların detalları ilə maraqlansalar da, danışıqları aparanların vəzifəsi ictimaiyyəti detallar haqda yox, ümumi şəkildə məlumatlandırmaqdır: “Danışıqlar çox mürəkkəb və həssas prosesdir. Bu prosesin gedişində ehtiyatlı və məqsədyönlü olmaq lazımdır”.
S. Sarkisyan hələlik gediləsi uzun bir yol olduğunu vurğulayıb: “Biz danışıqların gedişində xalqımızın maraqlarına cavab verən bir həll variantına gəlib çıxmalıyıq. Bundan sonra məsələni ümumxalq müzakirəsinə çıxarıb, sülh müqaviləsini imzalaya bilərik”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR