Bank Of Baku

Səfir: “Yaponiya hesab edir ki, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq aləmdə tanınmış sərhədlər və ərazi bütövlüyü çərçivəsində həlli çox vacibdir” - EKSKLÜZİV

Səfir: “Yaponiya hesab edir ki, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq aləmdə tanınmış sərhədlər və ərazi bütövlüyü çərçivəsində həlli çox vacibdir” - <font color=#FF0000>EKSKLÜZİV</font>
# 20 fevral 2008 10:07 (UTC +04:00)
- Azərbaycanla Yaponiya arasında mövcud siyasi, iqtisadi, humanitar əlaqələr Yaponiya tərəfini qane edirmi?
- Hazırda Azərbaycanla Yaponiya arasındakı münasibətlər müxtəlif sahələrdə çox gözəl səviyyədədir. Zati-aliləri Prezident İlham Əliyevin 2006-cı ilin martında Yaponiyaya səfəri zamanı elan olunmuş birgə bəyannamə ikitərəfli münasibətlərin əsas istiqamətlərini müəyyən etdi. Ölkələrimiz arasındakı iqtisadi əlaqələr də artmışdır. Yüksək səviyyəli səfərlər həyata keçirilib, həmçinin də siyasi məsləhətləşmələr aparılmışdır. Mən ölkələrimiz arasında mövcud olan bu əla əlaqələrin daha da inkişafına yardımçı olmaq istərdim. Yəni, yalnız iqtisadi və siyasi sahələrdə deyil, mədəniyyət, idman, turizm və ətraf mühit sahələrində də əlaqələrimizi daha da genişləndirməyi arzulayıram.
- Azərbaycanın rəhbərləri Yaponiyaya yüksək səviyyədə iki səfər həyata keçiriblər. Yaponiyadan da Azərbaycana yüksək səviyyəli səfərlər nəzərdə tutulurmu?
- Ötən ilin avqustunda Yaponiya parlamentinin Xarici İşlər üzrə Katibi xanım Midori Matsuşima Azərbaycana səfər edib və yüksək səviyyəli rəsmi şəxslərlə səmərəli görüşlər keçirmişdir. Mən bu cür yüksək vəzifəli rəsmilərin səfərlərinin gələcəkdə artması üçün çalışacağam.
- Yaponiya-GUAM formatında iki görüş keçirilib, əlavə olaraq ölkənizdə GUAM ölkələrinin enerji sektorunda çalışan mütəxəssislər üçün seminar təşkil olunub. Bu əməkdaşlıq hansı istiqamətdə davam etdiriləcək? Yaponiyanın GUAM-da müşahidəçi statusu ilə təmsil olunmaq niyyəti varmı?
- Hazırda Yaponiya GUAM-la müxtəlif sahələrdə, o cümlədən enerji təhlükəsizliyi, ekologiya, turizm və başqa sektorlarda əməkdaşlıq imkanlarını araşdırır. Bununla əlaqədar düşünürəm ki, insan resurslarının inkişafına dair proqramların həyata keçirilməsi daha mühüm əhəmiyyət kəsb edir. Müşahidəçi statusuna gəldikdə isə, düşünürəm ki, “GUAM+Yaponiya” formatı bu statusdan olduqca genişdir.
- Rəsmi Tokionun Dağlıq Qarabağ münaqişəsi və Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal etməsi faktına münasibəti necədir?
- Yaponiya hökumətinin mövqeyi ondan ibarətdir ki, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq birlik tərəfindən tanınmış sərhəd xətlərinə əsaslanan ərazi bütövlüyü prinsipi çərçivəsində həlli çox vacibdir. Yeri gəlmişkən, Yaponiya hökuməti Dağlıq Qarabağdan olan məcburi köçkünlərin həyatının yaxşılaşması üçün yardımlar göstərib.
- Tokioda keçiriləcək Azərbaycan-Yaponiya birgə iqtisadi komitəsinin beşinci iclasında hansı məsələlərin müzakirəsinə üstünlük veriləcəkdir?
- İlk növbədə, mən bu komitənin mahiyyətinə toxunmaq istərdim. Tokioda keçiriləcək toplantı Yaponiya-Azərbaycan və Azərbaycan-Yaponiya komitələrinin birgə görüşüdür. Yaponiya-Azərbaycan iqtisadi komitəsi yalnız özəl Yapon şirkətlərindən təşkil olunub, amma Azərbaycan-Yaponiya iqtisadi komitəsi isə əsasən Azərbaycan hökumətinin nazirliklərindən və ARDNŞ və “Azərenerji” kimi dövlət qurumlarının rəsmi nümayəndələrindən ibarətdir. Bu nöqteyi-nəzərdən, bu çox unikal komissiyadır və hökumətimizin əsas prinsipi Birgə İqtisadi Komissiyanın fəaliyyətinə əlavə dəstək verməkdir. Bu mövqeni nəzərə alaraq düşünürəm ki, Tokioda keçiriləcək gələcək iclasın əsas gündəliyinə beş illik fasilədən sonra Bakıda 2006-cı ilin noyabrında keçirilən iclasdakı məsələlərin necə həyata keçirilməsi ətrafında fikir mübadiləsi aparmaq olacaq. İclasın ikinci günü əsasən Yaponiyanın özəl şirkətləri ilə Azərbaycanın müvafiq nazirlikləri və dövlət şirkətləri arasında ikitərəfli danışıqlara həsr olunacaq. Ümidvaram ki, hər bir iştirakçı bu görüşdən birgə vacib layihələrin həyata keçirilməsi üçün maksimum yararlanmağa çalışacaq.
- Yaponiyanın neft şirkətləri Azərbaycandakı neft layihələrindəki iştirakından razıdırmı? Şirkətləriniz bu layihələrdə iştirakını genişləndirməyi düşünürmü?
- Bildiyimə görə, Azəri-Çıraq-Günəşli neft layihəsində iştirak edən Yaponiyanın iki şirkəti INPEX və ITOCHU şirkətləri layihənin hazırkı icra səviyyəsini yüksək dəyərləndirirlər.
Əgər nə vaxtsa hər hansı bir yapon şirkəti Azərbaycanın neft layihələrində iştirak etmək istəsə, səfirlik onlara yardım göstərməyə həmişə hazırdır.
- “Şimal” DRES-in ikinci blokunun tikintisi hansı mərhələdədir?
- Yaponiya Beynəlxalq Əməkdaşlıq Bankından aldığım məlumata görə, hazırda layihə tender mərhələsindədir. Ümidvaram ki, yaxın vaxtlarda tenderin qalibi “Azərenerji” tərəfindən açıqlanacaq, bununla da, “Şimal” DRES-in ikinci blokunun tikintisinə start veriləcək.
- Azərbaycan gələcəkdə xüsusi iqtisadi və investisiya zonalarının yaradılmasını planlaşdırır. Yaponiya hökuməti bu məsələdə Azərbaycana hansı yardımı göstərə bilər?
- Düşünürəm ki, Azərbaycan öz əhalisinin sayına və sürətlə inkişaf edən iqtisadiyyatına görə Yaponiya şirkətləri üçün çox cəlbedici bazar ola bilər. Yaponiya hökumətinin yerli şirkətlərin ticarət fəaliyyətinə və sərmayə yatırımının istiqamətləndirilməsinə köməklik etmək üçün fərqli sxemləri mövcuddur. Bu sxemlər maliyyələşdirmənin inkişafı, ixracın, ixracat və investisiyaların sığortalanması, kreditlərin verilməsi və s. ibarətdir. Yapon şirkətləri Azərbaycanda yaradılması planlaşdırılan xüsusi iqtisadi və sərmayə zonalarında çalışmağa maraq göstərsələr, o zaman qeyd olunmuş sxemlər onlar üçün də tətbiq oluna bilər.
- Ölkələrimizin kənd təsərrüfatı sahəsində əməkdaşlıq perspektivləri varmı? Gələcəkdə də Yaponiyadan Azərbaycana kənd təsərrüfatı texnikasının gətirilməsi nəzərdə tutulurmu?
- Yaponiya Azərbaycanın aqrar sahəsinə əsasən “Məhdud İmkanı Olan Fermerlərə Qrant Yardımı (2KR)” vasitəsilə köməkliyini həyata keçirmişdir. Ölkənizdə kənd təsərrüfatının inkişafı üçün yeddi dəfə belə yardım göstərilib və yardımların ümumi dəyəri təqribən 21 milyon ABŞ dolları təşkil edib. Bu qrant yardımları çərçivəsində azərbaycanlı fermerlərə 212 traktor, 232 kombayn, 354 kotan və başqa texnika verilib. Statistik göstəricilərə görə, Yaponiya Azərbaycan fermerlərini bu müvafiq texnika ilə təmin etdikdən sonra Azərbaycanda məhsul yığımı iki dəfə artıb. Bundan başqa, Ümumdünya Ərzaq Proqramı çərçivəsində Yaponiya Azərbaycana ərzaqla bağlı 6 dəfə yardım göstərib. Bu layihələrin ümumi dəyəri təxminən 4,6 milyon ABŞ dollarıdır. Bu əməkdaşlıq çərçivəsində əsasən Dağlıq Qarabağdan olan məcburi köçkünlərə un verilib. Bundan başqa “Ot kökləri və İnsan Təhlükəsizliyi Qrant Yardım Proqramı” çərçivəsində bizim fondların Azərbaycanın qeyri-hökumət təşkilatları, yerli bələdiyyələr və akademik institutlar tərəfindən təqdim olunmuş nisbətən kiçik layihələrə yardım ayrılmasını intensivləşdirmək mümkündür. Səfirliyimiz hər zaman bu sahəyə dair istənilən təklifi qəbul etməyə hazırdır və bu layihə real hesab ediləcəyi təqdirdə həyata keçiriləcəkdir.
- Yaponiya hökuməti Azərbaycanın təhsil və sosial sahələrinə də köməklik göstərir, müvafiq qrantlar ayırır. Ölkənizin bu sahədə hansısa yeni layihələr reallaşdırmaq planları varmı?
- Yaponiya Azərbaycanla müxtəlif sahələrdə iqtisadi əməkdaşlıq edir. Məsələn, hökumətimizin ayırdığı kiçik miqyaslı qrant yardımlarının yarıdan çoxu təhsil sahəsinə, məktəblərin yenidən qurulmasına yönəlib. Yaponiya həmçinin kənd yerlərində səhiyyə müəssisələrinin bərpa olunmasına, səhiyyə sahəsində iri miqyaslı layihələrin həyata keçirilməsinə, doğum evləri və uşaq xəstəxanalarında tibbi avadanlığın müasirləşdirilməsinə yardım göstərir və bu məqsədlə 4,3 milyon ABŞ dolları vəsait xərcləyib. Ölkəmiz həmçinin Azərbaycanda iqtisadi inkişafın artımında tarazlığın qorunmasında və sosial ehtiyacı olan insanların üzləşdiyi çətinliklərin yüngülləşdirilməsinə də böyük əhəmiyyət verir. Bizim “Ot kökləri və İnsan Təhlükəsizliyi Qrant Yardım Proqramı” xüsusilə kiçik həcmli layihələrin həyata keçirilməsində effeklidir.
Yaponiya yeni layihələr meydana çıxacağı təqdirdə Azərbaycana bu sahədə yardımları davam etdirməyə hazırdır.
- Yaponiyada azərbaycanlı tələbələr təhsil alırmı? Bakı Dövlət Universitetində yapon dili tədris olunur. Ölkənizdə necə Azərbaycan dili tədris olunurmu?
- Bildiyim qədər səfirliyimiz Yaponiya hökumətinin təqaüd proqramları çərçivəsində Azərbaycandan 20 nəfəri ölkəsinə təhsil almağa göndərib. Onlardan 10-u magistr, 5-i bakalavr, 5-i isə yapon dili şöbəsinin tələbələridir. Azərbaycanlı magistrlər ölkəmizdə səhiyyə, təhsil, mexaniki mühəndislik, stomatologiya, iqtisadiyyat və digər sahələrdə təhsil alırlar. Bundan başqa Yaponiyada öz hesablarına təhsil alan bir neçə azərbaycanlı tələbə də var. Ölkəmiz Bakı Dövlət Universitetinə yapon dili müəllimi göndərmişdir. Onun sözlərinə görə, azərbaycanlı tələbələr yapon dilini öyrənməyə və yapon xalqına çox maraq göstərirlər. Hər ay səfirlikdə yapon dilində danışıq klubu təşkil edirik. Tələbələr Bakıda yaşayan yaponlarla yapon dilində ünsiyyət qurmaqdan zövq alır. Məndə olan məlumata görə, Yaponiyada bir neçə özəl dil tədris olunan məktəbdə Azərbaycan dili tədris olunur.
- Səfirliyiniz mədəniyyət sahəsində hansısa tədbirlər, sərgilər keçirməyi planlaşdırırmı?
- Ötən il biz bir neçə belə tədbir, o cümlədən yapon çay mərasimi, yapon kuklaları sərgisi, yapon danışıq dili üzrə müsabiqə keçirmişik. İstərdim ki, bu cür sərgi və digər mədəniyyət fəaliyyətləri gələcəkdə də davam etdirilsin.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR