Bank Of Baku

Hulusi Kılıç: “Azərbaycanlı gənclər Türkiyənin PKK-ya qarşı keçirdiyi əməliyyatda iştirak etmək üçün müraciət etmişdilər” - EKSKLÜZİV FOTOSESSİYA

Hulusi Kılıç: “Azərbaycanlı gənclər Türkiyənin PKK-ya qarşı keçirdiyi əməliyyatda iştirak etmək üçün müraciət etmişdilər” - <font color=#FF0000>EKSKLÜZİV FOTOSESSİYA</font>
# 18 mart 2008 15:05 (UTC +04:00)
- Azərbaycana səfir təyin olunmanızı necə qarşıladınız?
- Burada səfir olmağı çox istəyirdim. Azərbaycana təyinatımı böyük sevinc və həyəcanla qarşıladım. Bu mənim röyam idi. Uzun illər əvvəl yoldaşlarıma Azərbaycanda səfir olmağı çox istədiyimi demişdim. Bu təyinatdan çox məmnun oldum.
- Artıq fəaliyyətə başlamısınız, özünüzü necə hiss edirsiniz?
- Özümü çox dinc, yorulmamış hiss edirəm. Burada heç qəribçilik çəkmirəm, Azərbaycan mənim Vətənimdir. Daha çox işləmək istəyirəm, amma vaxt çatmır.
- Azərbaycanda olduğunuz müddətdə hansı layihələri həyata keçirməyi düşünürsünüz?
- Azərbaycanla Türkiyənin arasındakı əməkdaşlığı inkişaf etdirmək üçün bütün sahələrdə daha aktiv fəaliyyət göstərmək lazımdır. İndiyə qədər çox iş görülüb, bundan sonra bu işləri davam etdirməliyik. İqtisadi və ticari əlaqələr mövcuddur, amma kifayət qədər yetərli deyil. Bu əlaqələri daha da inkişaf etdirmək lazımdır. Sosial, mədəni əlaqələrin inkişafı istiqamətində müəyyən addımlar atılacaq. Bundan başqa, mənim şəxsi layihələrim də var. Prezidentimizə Bakıda və rayonlarda “Dostluq parkları”nın salınması ilə bağlı təklifimi bildirdim və bu təşəbbüs müsbət qarşılandı. Bundan başqa, Azərbaycanın rayonlarını gəzəcəyəm. Prezident rayonlara gedib xalqın içində olmağımı tapşırıb. Yəni səfirlik binasından kənarda da fəaliyyət göstərəcəyəm. Hər ayın bir-iki həftəsini rayonlarda keçirməyi düşünürəm, o cümlədən cəbhə bölgələrinə də baş çəkəcəyəm. Bundan başqa, buradan Türkiyəyə, oradan da Azərbaycana folklor qruplarının səfərlərini təşkil etməyi, sərgilər keçirməyi planlaşdırmışıq. Eyni zamanda Türkiyədə təşkil olan sərgilərdə Azərbaycanın iş adamlarını göndərməyi də nəzərdə tutmuşuq. Bu il Qafqaz İslam Ordusunun Azərbaycana gəlişini 90 ili tamam olur. Bu, ortaq tariximiz baxımından çox önəmlidir. Qafqaz İslam Ordusu Azərbaycana 1918-ci il mayın 27-də gəlib. Biz də mayın 27-dən Bakının işğaldan azad olunduğu günə, yəni sentyabrın 15-dək silsilə tədbirlər keçirəcəyik. Bunun dəstəyini prezidentdən almışıq. Onlar dəstək verəcəklər, biz də lazım olan tədbirləri həyata keçirəcəyik. Hamıya, o cümlədən Azərbaycandan və Türkiyədən olan bütün iş adamlarına qapım açıq olacaq. Mən işləməyi sevən insanam, yəni məndə işçi ruhu var.
- İki ölkə arasında münasibətlər yüksək səviyyədə olsa da, müəyyən sahələrdə çatışmazlıqlar var. İki ölkənin xalqları bir-birini kifayət qədər tanımır. Bu sahədəki boşluqların aradan qaldırılması üçün hansı addımlar atmaq olar?
- Bəli, Azərbaycanın müstəqillik əldə etməsindən 17 il keçməsinə baxmayaraq, bu sahədə çatışmazlıqlar qalıb. Biz bu boşluğu doldurmağa çalışacağıq. Siyasi cəhətdən hər hansı problem yoxdur, ancaq xalqlarımızın bir-birinin mədəniyyətini çox yaxşı tanıması lazımdır. Azərbaycanlı iş adamlarının Türkiyəyə sərmayə qoymasını, eyni zamanda Türkiyənin iş adamlarının Azərbaycana daha çox investisiya qoyması vacibdir. Azərbaycanın qeyri-neft sektorunun inkişaf etdirilməsinə ehtiyac var. Məsələn, kənd təsərrüfatı sahəsi geriləyib, Azərbaycan çox geniş turizm potensialına malikdir, bunlardan istifadə etmək lazımdır. Bölgələrdə, Bakıda turizm zonaları çoxdur. Məsələn, Bakıdakı “Atəşgah”ı böyük bir ziyarətgaha çevirmək mümkündür.
- Türkiyədə hansı futbol komandasına azarkeşlik edirsiniz?
- Mən “Fənərbaxça”ya azarkeşlik edirəm.
- Türk Ordusunun PKK terror təşkilatına qarşı İraqın şimalında keçirdiyi əməliyyatı ABŞ-ın təsiri ilə dayandırdığı iddia edilir. Bununla bağlı nə deyə bilərsiniz?
- Bu, çox səhv qiymətləndirmədir. Mən həmin vaxt Ankarada idim. Bu əməliyyat əvvəlcədən planlaşdırılmışdı və kəskin hava şəraitinə uyğun hazırlanmışdı. Türk Silahlı Qüvvələri hədəflərinə nail oldu, lazım olanı etdi.
- Əməliyyatın müddəti əvvəlcədən məlum idimi?
- Bəli, müddət əvvəlcədən müəyyənləşdirilmişdi. Əməliyyat qısa müddət üçün nəzərdə tutulmuşdu. Türkiyə bütün dünyanın dəstəyini almışdı, əməliyyatı bütün dünya qəbul etmişdi. Bu bir daha göstərdi ki, Türk Silahlı Qüvvələri istədiyi vaxt terror düşərgələrini vurub, geri çəkilə bilər.
- Növbəti əməliyyat gözlənilirmi?
- Türk Ordusu bölgənin nəzarətdə saxlayır, nə lazımdırsa edəcək, bölgədə baş verən hadisələrdən asılı olaraq addım atacaq.
- Türkiyə və Azərbaycan PKK-ya, erməni terroruna qarşı birgə mübarizəsini necə görürsünüz?
- PKK-ya qarşı mübarizədə əməkdaşlıq istənilən səviyyədədir. Eyni zamanda erməni terroruna qarşı mübarizədə də əməkdaşlıq davam edir. Ermənistanla Türkiyənin sərhədinin bağlanması Azərbaycan torpaqlarının işğalı ilə bağlıdır. Qondarma “erməni soyqırımı” ilə bağlı məsələdə də yaxın əməkdaşlıq var. Fevralın 8-də Ermənistan xarici işlər naziri Vardan Oskanyan Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğana məsələ ilə bağlı sual verdi. Rəcəb Tayyib Ərdoğan onun sualını lazım olan səviyyədə cavablandırdı, mən təkrarlamaq istəmirəm. Türkiyənin mövqeyi bundan ibarətdir. Türk Silahlı Qüvvələri İraqın şimalında hərbi əməliyyatlara başlayarkən Azərbaycandan əməliyyatlarda iştirak etmək üçün müraciət edən gənclər var idi. Həmin gənclər Türk Ordusuna qatılmaq istəyirdilər. Yadınızdadırsa, I Qarabağ müharibəsi zamanı da Türkiyədən gənclər gəlib Azərbaycan tərəfdən döyüşmüşdülər. Əgər bir millət digər millət üçün ölürsə, deməli, onlar qardaşdır. Bu, aramızdakı qardaşlıq, dostluq bağının göstəricisidir.
Yeri gəlmişkən, mən qarşıdan gələn Novruz bayramı ilə əlaqədar bütün Azərbaycan xalqını təbrik edirəm. Mən Azərbaycanın bölgənin İsveçrəsi olacağına inanıram. Burada yaşayan hər kəsə xoşbəxtlik və əmin-amanlıq arzu edirəm. Sələfim Hüseyn Avni Qarslıoğluna burada göstərilən sayğı və sevgidən ötrü hər kəsə, vəzifəli şəxslərə, mətbuata təşəkkürümü bildirirəm.




















1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR