Orta Dəhliz regionuna təşkil olunan üçölkəli ticarət missiyası ABŞ Kommersiya Xidməti tərəfindən sertifikatlaşdırılıb. Bu isə səfərin ABŞ hökuməti, xüsusilə də ABŞ Ticarət Nazirliyi tərəfindən dəstəkləndiyini göstərir.
APA-nın məlumatına görə, bunu ABŞ biznes nümayəndə heyətinin Azərbaycana səfərinin yekunlarına həsr olunmuş brifinqdə ABŞ Azərbaycan ticarət palatasının icraçı direktoru Natiq Baxşıyev bildirib.
Onun sözlərinə görə, səfərin məqsədi Orta Dəhlizdə mövcud, lakin hələ tam dəyərləndirilməmiş potensial imkanları önə çıxarmaqdır.
“Qazaxıstandan başlayaraq Azərbaycan üzərindən Gürcüstana qədər uzanan bu marşrut, dəyişən Avrasiya geosiyasi mənzərəsi fonunda strateji əhəmiyyət kəsb edir. Nümayəndə heyəti Qazaxıstanın Aktau şəhərində genişmiqyaslı infrastruktur layihələri ilə tanış olub, Manqıstau vilayəti rəhbərliyi ilə görüş keçirib. Daha sonra heyət bərə ilə Xəzər dənizini keçərək Azərbaycana gəlib,” - deyə o, bildirib.
O, qeyd edib ki, Bakıda keçirilən görüşlər çərçivəsində nümayəndə heyəti Bakı Beynəlxalq Ticarət Şurası, Ələt Azad İqtisadi Zonası və Bakı Beynəlxalq Dəniz Ticarət Limanının fəaliyyəti ilə yaxından tanış olub.
“Liman rəhbərliyi yaxın illərdə nəzərdə tutulan iri layihələr və Azərbaycanın regional ticarətdə artan rolu barədə məlumat verib. Səfər çərçivəsində iqtisadiyyat, nəqliyyat, rəqəmsal inkişaf və xarici işlər nazirləri ilə yanaşı, Azərbaycan Dəmir Yolları və Dövlət Gömrük Komitəsinin rəhbərliyi ilə də məhsuldar müzakirələr aparılıb. Missiya bundan sonra quru yolu ilə Gürcüstana davam edəcək. Burada nəqliyyat yollarının mövcud vəziyyəti və gömrük prosedurları yerində izləniləcək. Səfərin 12 sentyabrda başa çatdırılması planlaşdırılır. ABŞ nümayəndə heyəti səfərin Orta Dəhliz boyunca iqtisadi əməkdaşlığın daha da güclənməsinə töhfə verəcəyinə ümid etdiyini bildirib,” - deyə Natiq Baxşıyev fikrini yekunlaşdırıb.