“Mən COP28 çərçivəsində keçirilən moda nümayişinə qatılmışam. Bilirsiniz ki, moda sənayesi ətraf mühitə zərər verməkdə böyük rollardan birini oynayır. Biz burada dayanıqlı moda sənayesi ilə bağlı nümayişi izləyəcəyik”.
APA xəbər verir ki, bunu Uqandadan olan dünya şöhrətli model, “Miss Africa” və "Miss Environment Africa" seçilmiş Judith Heard deyib.
Model bildirib ki, ölkəsinin iqlim dəyişikliyinə görə torpaq sürüşməsi, su problemi kimi üzləşdiyi çətinliklər var: “Bu gün biz bütün bu problemlərin həll yollarını, iqlim dəyişikliyini müzakirə etmək üçün buradayıq. Həmçinin, bu problemləri yalnız hökumətin həll etməyəcəyini, bizlərin də öhdəliklərinin olduğunu gənc nəslə təşviq etmək üçün burda iştirak edirik. Biz iqlim dəyişikliyi ilə mübarizədə fəal olmalıyıq. Bu isə o deməkdir ki, COP konfranslarının harada keçilməsindən asılı olmayaraq, biz ev sahibi ölkələrə getməli, iqlim dəyişikliyi ilə bağlı narahatlıqlarımızı bildirməli, səsimizi qaldırmalıyıq. Təbii ki, mən Bakıya da gedəcəyəm”.
Uqandanın yenidən Qoşulmama Hərəkatına sədrlik etməsinə toxunan model həyəcanlı olduğunu söyləyib: “Ümid edirəm ki, Uqanda sədr kimi iqlim dəyişikliyi ilə mübarizədə fəal olacaq. İnanıram ki, ölkəmizin sədr kimi gündəliyində bizim mübarizə aparmalı olduğumuz qalıq yanacaq, vaksinasiya, iqlim dəyişikliyi kimi məsələlər yer alacaq. Və mən şadam ki, Uqanda bu məsələlərlə bağlı mövqe bildirmək üçün imkana sahib olacaq”.