Bank Of Baku

"Qarabağ" yatağı üzrə yekun investisiya qərarı gələn il ərzində qəbul olunacaq

bəxtiyar Aslanbəyli

© APA | bəxtiyar Aslanbəyli

# 19 noyabr 2026 14:17 (UTC +04:00)

"Qarabağ" yatağının işlənməsi çərçivəsində Bəndovan sahəsində hazırlıq işləri aparılır. Layihədə neft, qaz və elektrik xətlərinin birlikdə çəkilməsinə imkan verən yeni "bundle" texnologiyasının tətbiqi nəzərdə tutulur.

"APA-Economics" xəbər verir ki, bu barədə bp şirkətinin Xəzər, Mərkəzi Asiya və Türkiyə regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, yatağın ehtiyatlarının həcmi "Azəri-Çıraq-Günəşli" (AÇG) ilə müqayisədə daha az olduğundan layihənin kommersiya cəlbediciliyinin qorunması üçün xərclərin optimallaşdırılması vacibdir.

Bəxtiyar Aslanbəyli qeyd edib ki, tətbiq ediləcək texnologiya çərçivəsində quruda 7 kilometrlik boru dəstəsi hazırlanması mümkün olacaq.. Bu konstruksiyanın daxilində ayrıca neft və qaz boruları, eləcə də elektrik kabelləri yerləşdiriləcək.

Hazırlanan boru dəstəsi dənizə daşınaraq quraşdırılacaq. Proses növbəti 7 kilometrlik hissələr üzrə davam etdiriləcək. Bu yanaşma boruların ayrı-ayrılıqda dənizdə çəkilməsi ilə müqayisədə xərclərin azaldılmasına imkan verəcək.

Vitse-prezident bildirib ki, hazırda Bəndovan sahəsində tikinti meydançasının yaradılması üçün zəruri icazələrin alınması, torpaq sahəsinin ayrılması və yolların çəkilməsi ilə bağlı hazırlıq işləri görülür.

Onun sözlərinə görə, "Qarabağ" layihəsi yalnız boru dəstəsinin çəkilməsindən ibarət deyil. Yatağın hansı üsulla işlənəcəyi, platformanın tikilib-tikilməyəcəyi və digər texniki məsələlər də paralel şəkildə araşdırılır.

Bəxtiyar Aslanbəyli vurğulayıb ki, bu hazırlıqlar başa çatdıqdan sonra yekun investisiya qərarının (Final Investment Decision – FID) qəbulu üçün zəruri məsələlər müəyyənləşdiriləcək. Buna görə də layihənin tikintisinə başlanma vaxtını indidən dəqiq söyləmək çətindir.

Bəxtiyar Aslanbəyli onu da əlavə edib ki, "Qarabağ" yatağının işlənilməsi layihəsi üzrə yekun investisiya qərarının gələn il ərzində qəbul olunacağı gözlənilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR