Cəbrayıl rayonunda həyata keçirilən Şəfəq Günəş Elektrik Stansiyası layihəsi üzrə zəruri avadanlıqların satın alınması əsasən başa çatıb, tikinti işləri isə plan üzrə davam edir.
"APA-Economics" xəbər verir ki, bu barədə bp şirkətinin Xəzər, Mərkəzi Asiya və Türkiyə regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, layihə çərçivəsində günəş panelləri, konvertorlar və digər zəruri avadanlıqlar artıq satın alınıb və əraziyə gətirilib.
Bəxtiyar Aslanbəyli qeyd edib ki, stansiyanın ərazisinin bir hissəsində payaların quraşdırılması, panellərin yerləşdirilməsi və mexaniki işlər başa çatıb. Həmin hissədə əsasən elektrikləşmə işləri qalıb.
Ərazinin digər hissəsində isə mexaniki işlər davam etdirilir.
Vitse-prezident bildirib ki, layihənin icrası zamanı müəyyən logistika çətinlikləri, eləcə də avadanlıqların daşınması və təchizat prosesləri qrafikə təsir göstərə bilər. Bununla belə, hazırda ciddi problem müşahidə olunmur.
Onun sözlərinə görə, "Azərenerji" tərəfindən də layihə üçün yarımstansiya ilə bağlı işlər görülüb və bu istiqamətdə hazırlıq tamamlanıb.
Bəxtiyar Aslanbəyli layihənin birinci mərhələsinin gələn ilin ortalarına qədər başa çatdırılması ilə bağlı suala cavabında işlərin bu istiqamətdə davam etdiyini bildirib