Azərbaycan-Macarıstan Hökumətlərarası Birgə Komissiyanın iclasının yekunlarına dair Protokol imzalanıb

Azərbaycan-Macarıstan Hökumətlərarası Birgə Komissiyanın iclasının yekunlarına dair Protokol imzalanıb
# 25 aprel 2024 12:17 (UTC +04:00)

Azərbaycan və Macarıstan Hökumətləri arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 10-cu iclasının yekunlarına dair Protokolu imzalanıb.

APA xəbər verir ki, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev və Macarıstanın xarici işlər və beynəlxalq ticarət naziri Peter Siyarto Azərbaycan və Macarıstan Hökumətləri arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 10-cu iclasının yekunlarına dair Protokolu imzalayıblar.

İclasdan sonra keçirilən brifinqdə Sahil Babayev bildirib ki, Azərbaycan və Macarıstan strateji tərəfdaşdırlar.

"Bu gün bizim siyasi əlaqələrimiz ən yüksək səviyyədədir. Digər istiqamətlərdə də əlaqələrimiz inkişaf etməkdədir" - deyə o bildirib.

Nazir qeyd edib ki, Macarıstan Azərbaycan torpaqlarının işğalda olduğu dövrdə və torpaqlarımız işğaldan azad edildikdən sonra da Azərbaycanın yanında olub.

"Macarıstan bu gün işğaldan azad olunmuş ərazilərimizdə aparılan quruculuq işlərinə cəlb olunub. Cəbrayılın Soltanlı kəndində müvafiq layihələr icra olunur. Ticarət əlaqələrimiz inkişaf edir. Bu ilin ilk ayları yüksək dinamika ilə başlayıb. Əməkdaşlığımızın çox müxtəlif istiqamətləri var",- deyə nazir qeyd edib.

Sahil Babayev xatırladıb ki, yaşıl enerji təşəbbüsü çərçivəsində də Macarıstanla Azərbaycanın əməkdaşlığı mövcuddur.

Nazir qeyd edib ki, COP29 ölkəmiz üçün böyük nailiyyət olduğu qədər, həm də böyük məsuliyyətdir.

O bildirib ki, bu çərçivədə Azərbaycan höküməti hər zaman çox məsuliyyətli siyasət aparıb:

"Azərbaycan hər zaman yaşıl enerjiyə və ətraf mühitin qorunmasına ciddi diqqət ayırıb. Bu istiqamətdə Azərbaycanın ən böyük töhfələrindən biri yaşıl enerji dəhlizi olacaq. Yaşıl enerji dəhlizi üzrə müvafiq sənədlər imzalanır. Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya dördlüsünün başlatdığı bu layihə gələcəkdə çox önəmli bir proyektə çevriləcək. 4 ölkənin başladığı bu təşəbbüs gələcəkdə bir çox ölkələrin birləşməsi ilə genişlənəcək".

Nazir bildirib ki, Azərbaycan artıq özünün yaşıl enerjisini Avropaya ixrac etməyə hazırdır:

"Bu özü də Azərbaycan tərəfindən ətraf mühit və alternativ enerji, yaşıl iqtisadiyyat məsələlərinə verilən önəmin göstəricisidir. Düşünürəm ki, bu nöqteyi-nəzərdən bizim Macarıstanla sıx əməkdaşlığımız çox önəmli töhfə verəcək".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR