İran Prezidentinin andiçmə mərasimində iştirak etmək üçün bu ölkədə səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova bu gün İran Prezidenti Seyid İbrahim Rəisi ilə görüşüb.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, Milli Məclisin sədri və nümayəndə heyətinin üzvlərini salamlayan Prezident Seyid İbrahim Rəisi onun andiçmə mərasimində iştirak etdiyinə görə Azərbaycan nümayəndə heyətinə təşəkkür edib.
O, Vətən müharibəsində əldə etdiyi qələbə münasibətilə Azərbaycan dövlətini və xalqını təbrik edib. İran Prezidenti Azərbaycan xalqına firavanlıq və xoş günlər arzulayıb.
Milli Məclisin sədri Prezident İlham Əliyevin salamlarını və təbriklərini İran Prezidentinə çatdırıb. Spiker bildirib ki, Azərbaycan dost və qonşu ölkə olan İranla əlaqələrin inkişafına həmişə böyük diqqət yetirib və gələcəkdə də bu əlaqələri dərinləşdirmək niyyətindədir. Sahibə Qafarova qeyd edib ki, siyasi, iqtisadi, mədəni, humanitar sahələrdə əməkdaşlığımız xalqlarımızın ümumi mənafelərinə xidmət edir: “Parlamentlər səviyyəsində də əməkdaşlığımız dövlətlərarası münasibətlərin daha da möhkəmlənməsində önəmli rol oynayır. Bu sahədə parlamentlərimizdə fəaliyyət göstərən qarşılıqlı işçi qruplarının üzərinə böyük vəzifələr düşür. Hər iki ölkənin nümayəndə heyətlərinin qarşılıqlı səfərləri, aparılan fikir mübadiləsi əlaqələrimizin daha da möhkəmləndirilməsində mühüm əhəmiyyətə malikdir”.
Sahibə Qafarova diqqətə çatdırıb ki, iqtisadi, ticarət və humanitar münasibətlərimizin inkişafında Azərbaycanla İran arasında mövcud olan Dövlətlərarası Müştərək Komissiya uğurla fəaliyyət göstərir.
İran Prezidenti Seyid İbrahim Rəisi Prezident İlham Əliyevin təbriklərinə görə minnətdarlığını bildirib və onun da salamlarını Azərbaycanın dövlət başçısına çatdırmağı xahiş edib.
***
saat 15.02
Bu gün Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova İran Prezidenti Seyid İbrahim Rəisi ilə görüşüb.
APA-nın İRNA agentliyinə istinadən verdiyi məlumata görə, İran-Azərbaycan münasibətlərinin arzuedilən səviyyədə olduğunu vurğulayan Seyid İbrahim Rəisi Azərbaycan-İran münasibətlərinin inkişafı üçün böyük potensial olduğunu bildirib, ölkəsinin özəl şirkətlərin Azərbaycanın azad edilmiş ərazilərinin bərpasında iştiraka, texniki, mühəndis və infrastruktur layihələrində əməkdaşlığa hazır olduğunu bildirib.
Seyid İbrahim Rəisi İranın Azərbaycanın təhlükəsizliyini öz təhlükəsizliyi hesab etdiyini söyləyib: “İki ölkə ikitərəfli və regional müstəvidə, o cümlədən təhlükəsizlik sahəsində əməkdaşlıq edə, iki ölkənin maraqlarını sıx və effektiv koordinasiya edə bilər”.
Azərbaycan Milli Məclisinin sədri isə İran Prezidentinə Azərbaycan Prezidenti İlham Əliyevin təbrikini çatdırıb. S. Qafarova Seyid İbrahim Rəisinin prezidentliyi dövründə Azərbaycan və İran münasibətlərinin inkişaf edəcəyinə əmin olduğunu vurğulayıb: “İran şirkətlərinin Azərbaycanda müxtəlif layihələrdə iştirakından da məmnun olarıq”.